"Üstünlüyümüz olsa da, qələbə qazana bilmədik" - Rəşad Sadıqov

00:58 27 Noyabr 2023

“Fasilədən sonra oyuna nəzarəti üzərimizə götürdük və rəqibə kombinasiya yaratmağa imkan vermədik”.

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Sumqayıt” illə 0:0 hesablı heç-heçə edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Oyun sürətli başladı. İki komanda da hücuma üstünlük verirdi. Fasilədən sonra oyuna nəzarəti üzərimizə götürdük və rəqibə kombinasiya yaratmağa imkan vermədik. Hücumlarımız da oldu, amma təhlükəlisi çox olmadı. İkinci hissədə meydanda taktiki savaş gedirdi. Son saniyələrə qədər gərgin oyun getdi. Belə matçlar futbolumuzun inkişafınadır. Bir xal pis deyil. Çətin səfərdə idik. Üstünlüyümüz olsa da, qələbə qazana bilmədik. Bir xal pis nəticə deyil. Millimizin oyunçularının performansı barədə nəsə demək çətindir. Düşən rəqiblərə və onların performansına baxmaq lazımdır. İndi nəsə demək düzgün deyil. Məsələ az və ya çox xal yığmaqda deyil. Uzunmüddətli plan olmalı, düzgün yol seçilməlidir. İllərimizi boşa veririk. Bu gün olmasa da, 3-5 il sonra bunun bəhrəsini görəcəyik. Yaxşı heyətimiz var, düzdür, bir neçə mövqedə axsama var. Amma ümumi olaraq heyət yaxşıdır”. 


Xəbər xətti