Qurban Qurbanov Xabi Alonso ilə görüşdü - FOTO

11:07 7 Mart 2024

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Bayer"in çalışdırıcısı Xabi Alonso ilə görüşüb.

Sportarena.az xəbər verir ki, məşqçilərin görüşü "Bayer"in Bakıya səfəri sonrası qonaqların məskunlaşdığı “Hilton” otelində baş tutub.

Qurbanov uzun yol qət etmələrinə baxmayaraq, görüşməyə razılıq verdiyi üçün Alonsoya təşəkkür edib. Mütəxəssis "Bayer"in Bakıya uçuşunun necə keçdiyi ilə maraqlanıb, onları Bundesliqada dəstəklədiklərini qeyd edib.

Qurbanov qonağa Azərbaycan, ölkəmizin gözəllikləri, təbiəti, görməli yerləri haqqında məlumat verib, onu gələcəkdə qeyri-rəsmi səfərə dəvət edib. Alonso səmimi münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. İspan mütəxəssis də “Qarabağ”ın ölkə çempionatındakı çıxışını izlədiyini vurğulayıb. Alonso bildirib ki, komandalar arasında dostluq münasibətləri yarandığı üçün həm yenidən Bakıya gəlmək və görüşmək, həm də rəqib olmamaq istəyi olub.

Görüşün sonunda Qurban Qurbanov Alonsoya xüsusi hazırlanmış əl işi olan ipək Qarabağ xalçası hədiyyə edib. Mütəxəssislər xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, "Qarabağ” - “Bayer” görüşünə bu gün 21:45-də start veriləcək. 


Digər xəbərlər

Xəbər xətti