Şahin Atamov: Karyeramı qələbə ilə bitirmək istəyirəm – FOTOLAR + MÜSAHİBƏ

01:00 29 Dekabr 2014

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı karate üzrə Avropa çempionu, dünya oyunlarının qalibi Şahin Atamovdur.

- Karate ilə məşğul olmağa 8 yaşında başlamısan. Adətən valideynlər uşaqlarının idmanla məşğul olmasını ondan ötrü istəyir ki, sağlam olsun, nadinclikləri azalsın, ya da məhz peşəkar olması üçün istəyirlər. Bəs sənin valideynlərin necə?

- Qohumlarımızdan biri valideynlərimə təklif etmişdi ki, uşağı idmana aparın, bir az idmanla məşğul olsun. Elə oldu ki, anamla atam məni idmana apardılar, amma bir tərəfdən də təhsil almağımı, savadlı olmağımı istəyirdilər. İdmanı sevməyə başladım, məşqsiz bir günüm də keçsin istəmirdim. Anam dərslərimi oxumağımı istəyirdi, məşqə çox icazə vermirdilər. Elə olurdu qapını bağlayırdılar ki, dərsini oxu, mən də oxuyurdum, amma məşqə də getmək istəyirdim. Gizlin məşqlərə gedirdim, hər dəfə də deyirdim ki, nənəgilə gedirəm.

Müəllimim hər dəfə kimononu soruşanda bir bəhanə deyirdim, axır bir dəfə soruşdu, mən də valideynlərimin icazə vermədiklərini dedim. Sonra müəllimim bizə gəldi və valideynlərimlə danışdı, o gündən mənə məşqlərə getməyimə icazə verdilər. İlk olaraq Seymur müəllimin yanında, sonra isə Şahin müəllimlə başladım. Artıq neçə ildir ki, Şahin müəllimlə, mənim özəl məşqçimlə  məşq edirəm.

- Özünü karatedən başqa hansı idman növünə daha yaxın bilirsən?

- Məni daha çox güləşçiyə oxşadırlar, həm boyuma, həm çəkimə görə. Mən də güləşi sevirəm, amma karate başqadır.

- İdmançıların əksəriyyəti boş vaxtlarında futbolla məşğul olur. Sən necə?

- Desəm ki, futbolu sevmirəm, acığım gəlir, təəccüblənərsiz. Heç başım da çıxmır, yalandan nə deyim (gülür).

- Neçə ildir karate ilə məşğulsan? Məşqlərinizdə nə kimi dəyişikliklər var?

- İyirmi ildir karate ilə məşğulam. Əvvəllər məşq edirdik, bəzi hallarda sərbəst idik, ələlxüsus da axşamlar. Kim istəyirdi məşq edirdi, yəni axşamlar istirahət verilirdi. Amma indi sorğu keçirilir, yəni qeydlər aparılır, kim saat neçədə məşq edir, kim nə qədər istirahət edir. Bu da bizim xeyrimizədir, təbii ki. İşimizə daha məsuliyyətli yanaşırıq.

- Səni son vaxtlar tədbirlərdə görürük, bir idmançı üçün yaxşı haldır. Bəs sənin üçün sosial olaraq hansı layihə və hansı mövzu maraqlıdır?

- Təbii ki, müxtəlif mövzular, əsasən də idman mövzusu maraqlıdır. Mən futboldan danışa bilmərəm, tibbdən danışa bilmərəm, ancaq öz işimdən, idmanın incəliklərindən danışa bilərəm.

- Karate Federasiyası nə ilə fərqlənir?

- Bizim federasiya həqiqətən hər zaman Avropada və digər yerlərdə fərqlənib. Ən əsası səmimi ortam yaratmağımız ilə biz neçə illərdir bir ailə olmuşuq. Bu da rəhbərlikdən irəli gəlir, təbii ki. Yaşar müəllimin bizimlə münasibəti, bizə olan diqqəti hər zaman göz önündədir. Qalibiyyətimiz, məğlubiyyətimizlə daima bir-birmizi dəstəkləmişik. Komanda olmaq, səmimi olmaq və ən əsası ailə olmaq – mən bununla fəxr edirəm. Bizim federasiyanın işləri göz önündədir. Dünya Karate saytında 3 federasiyadan biri biz idik, bu, uğurdur. Karate deyəndə əvvəllər Rafael Ağayev yada düşürdü, indi isə başqa uşaqların da adları çəkilir. Məsələn: Ayxanın, Niyazi Əliyevin və s.. Bu da bir uğurdur.

- Karate deyəndə “nə qazanmışam” deyirsən?

- Karate məni cəmiyyətə təqdim edib, insanlara tanıdıb. İdmançı kimi uğurlarım olub. Bəlkə də başqa işdə, sənətdə olsaydım bu qədər uğurum olmazdı, bəlkə də olardı, bunu deyə bilmərəm. Lakin bu gün deyə bilərəm ki, karate mənim həyat mənbəyimdir.

- 2010-cu ildə olan nailiyyətlərini bilirik. Bəs 2010-cu ildən sonra?

- Elə 2010-cu ildən deyim. Serbiyada keçirilən böyüklər arasında yarışda 3-cü yerə çıxdım, komandada isə 2-ci yeri qazandım.

2013-cü ildə Kolumbiyada keçirilən dünya oyunlarında Rafael Ağayev, mən və Ayxan Mamayev iştirak etmişdik. Rafael 1-ci yerə, mən 3-cü yerə çıxmışdım. Rafael Ağayev artıq sözünü demiş idmançıdır, hamımız onunla fəxr edirik.

- Daha sonra İslam oyunlarında ilk medalı mən qazanmışdım. “World Combat Games” yarışına Rafael ilə mən dəvət edilmişdim, hər ikimiz birinci yeri tutduq.

- 2014-cü ilin may ayında Avropa çempionatında, 2-ci yeri, komanda olaraq isə birinci yeri tutdum.

- Bakı-2015 İlk Avropa Oyunlarına necə hazırlaşırsız?

- Çox ciddi şəkildə hazırlaşırıq, çünki bu adi oyun, yarış deyil. Komanda olaraq ciddi hazırlaşırıq, hər ay turnir keçirilir. Məsələn, artıq yanvar ayından turnirlərimiz başlayacaq. “Paris open”, daha sonra “Dubai open” olacaq. Avropa oyunlarına qədər turnirlərimiz hər ay davam edəcək.

- Sən iştirak edəcəksən?

- Bəli, çətin və məsuliyyətli olacaq. Fors major hallar olmasa, çıxacam və vuruşacam. Bu dəfə 2-ci ya da 3-cü yeri yox, qalib olmağı düşünürəm. Qarşıma məqsəd qoymuşam və artıq icazə verilsə, federasiyanın rəsmiləri, yəni böyüklərlə məsləhətləşəcəm. Artıq karyeramı bitirmək, bunu da qələbə ilə etmək istəyirəm.

- Məşğul olduğun başqa sənət var?

- Dövlətimizin idmançılara xüsusi diqqəti, qayğısı göz önündədir.Yəqin ki, mən də kənarda qalmaram. Görəcəyim işlərlə dövlətə, millətə layiqli gənc olmaq istəyirəm.

- Evdə ən çox eşitdiyin söz?

- Arada anam deyir, amma nə dediyini deyə bilmərəm (gülür). Adətən “hardasan, nə vaxt gəlirsən?” deyirlər.


Xəbər xətti