Cavad Rəcəbov: “AAAF Park çox rahat və səliqəlidir” - FOTOLAR + MÜSAHİBƏ

16:00 14 Yanvar 2015

AAAF Parkın “Məşhurlar AAAF Parkda” rubrikasının növbəti qonağı tanınmış müğənni Cavad Rəcəbov olub. Onunla etdiyimiz maraqlı söhbəti sizə təqdim edirik:

- Xoş gördük, Cavad bəy. AAAF Parkı bəyəndinizmi?

– Xoş gördük. AAAF Park çox xoşuma gəldi, bənzərsiz yaşayış kompleksidir. Bu kompleksdən ev almaq, inşallah, bizə də qismət olar. Mən AAAF Parkın yanından keçmişdim, ancaq içəri girməmişdim. Çox bəyəndim. Bəzən insanlar şəhərin səs-küyündən kənarlaşmaq istəyir. AAAF Park bunun üçün münasib yerdir, çox rahat və səliqəlidir. Məmnuniyyətlə nəvələrimi bura gətirəcəyəm.

- Cavad bəy, zəhmət olmasa, bizə sənət yolunuzdan danışın. Cavad Rəcəbov kimdir?

– Mən bəzi müğənnilər kimi 30-40 yaşdan sonra müğənniliyə başlamamışam. 1968-ci ildə Mirzə Fətəli Axundov adına “Opera və Balet Teatrı”nda pionerlərin müsabiqəsində “Qızıl mükafat”a layiq görülmüşəm. “Yenilməz batalyon” kinofilmində Teymurun mahnısını ifa edərək 1-ci yeri tutmuşam və buna görə məni 1968-ci ildə pioner düşərgəsinə göndəriblər. Həmin vaxt hələ 8-ci sinifdə oxuyurdum. Sənətə isə ümumilikdə 1964-cü ildən başlamışam.

- Çoxları sənətə şou yaratmaqla, qalmaqalla gəlir, sanki bütün bunlar gündəmdə qalmaq üçün edilir. Amma bu sənətin əsl peşəkarı olmaq elə də asan olmur…

– (sözümüzü yarımçıq kəsir) Mən sənətə qalmaqalla gəlməmişəm. Çox şərəfli və uğurlu sənət yolu keçmişəm. Azərbaycanın ən görkəmli sənətkarlarından bəhrələnmişəm. Onlardan Habil Əliyev, Teymur Mustafayev, Əhsən Dadaşov, Hacı Məmmədov, Əliağa Quliyevin adını qeyd edə bilərəm. 1980-ci ildə Azərbaycan Televiziyasında “Gənclik estradası” proqramındakı çıxışıma 60 min məktub gəlmişdi. Estrada ansambllarında hər dəfə 1-ci yeri tuturdum. “Dan Ulduzu” instrumental ansamblının rəhbəri Gülarə Əliyeva məni Azərbaycan Televiziyasında görəndə Lənkərana xəbər göndərdi, “Gəlsin, bizim ansamblda çalışsın” dedi. Gülarə xanımın evinə gəldim, mənimlə ətraflı maraqlandı. Onun sayəsində radionun “Qızıl fond”unda onlarla mahnılarım qorunub saxlanılır. “Dan Ulduzu” instrumental ansamblında bəstəkar və xalq mahnıları, ümumiyyətlə, hər səpkidə mahnılar ifa etmişəm. Mədəni Maarif Texnikumunu bitirdikdən sonra, İncəsənət İnstitutuna daxil oldum. 1995-ci ildə Nazim Abbas mənim qeyri-adi musiqiçi olduğumu gördü və Azərbaycan Telefilm Yaradıcılıq Birliyi mənim haqqımda 31 dəqiqəlik “Bu günün nağılı” adlı telefilmini çəkdi. Həmin film bu gün də “Qızıl fond”da saxlanılır. Dünyada heç kimə məlum olmayan, hətta texnikanın inkişaf etməyən vaxtında Şərq Simfonik orkestri, məsələn, “Ümgülsümü” ifa edən simfonik orkestr mənim səsimi də əlavə edirdi. Mənim qeyri-adi ifamdan hamı heyrətə gəlirdi. Ququşun “Ayrılıq” mahnısına, Rac Kapurun “Avara” mahnısına öz səsimi əlavə edirdim. Nazim Abbas bunları görərək mənim haqqımda “Bu günün nağılı” sənədli filmini çəkmək qərarına gəldi. Bunları danışmaqla demək istəyirəm ki, mən təsadüfən sənətə gələn adam olmamışam. Bunlar faktlarla göz qabağındadır.

- Siz həm də Azərbaycanda Şərq mahnılarının ifaçısı kimi tanınırsınız. Bu haqda nə deyə bilərsiniz?

– Mən xalq, bəstəkar mahnıları da ifa edirəm. “Qızıl fond”da hamısı var. Rəşid Behbudov, Zeynəb Xanlarova, Elmira Rəhimova, Fərid Ələtraş, hind ölməz sənətkarı Muhamməd Rəfi, Kişor Kumar, Lata Mankeşka, Manna Dei, Şren Drsink kimi sənətkarlardan, o cümlədən İranda Haida xanım, Humeryə, Qulpay Qani, Ququşdan bəhrələnmişəm. Bunlar mənim studiyamın bəzəyidirlər. Gündəmdə olduğuma görə Allahıma şükür edirəm.

- Cavad Rəcəbov üçün onun “möhür ifa”sı hansıdır?

– Mənim bir çox mahnılarım bu günə qədər dillər əzbəridir. Möhür ifalarım o zamanlar Gülarə xanımın “Dan Ulduzu” ansamblında oxuduğum mahnılardır. “Özün getdin, intizarın qaldı yar”, “ Həsrətin oldum”, “Mənim tənha gözəlim”, toy mahnılarından “Leyli can”, “Ana”, “Lənkəran” şənliklərinin bəzəyidir.

- İdmana marağınız necədir?

– İdmana həvəsim var, amma 40 ildir ki, uzaqlaşmışam. Futbola marağım böyükdür, tez-tez gedirdim oyunlara. Hətta deyim ki, “Xəzər Lənkəran” ilk marşını da mən oxumuşam.

 

 

Müsahibəni aldılar : Rüfət Nadirli, Elnarə Hüseynova 


Xəbər xətti