“Top qapı xəttindən 1 metr kənarda olsa da, hakim qol saydı”- AÇIQLAMA

12:20 26 Yanvar 2015

"Qəbələ"nin rəsmi saytının hazırladığı “Veteranlar” rubrikasının növbəti qonağı keçmiş futbolçu, hazırda “Qəbələ” Futbol Akademiyasının seleksiya qrupunun məşqçisi Əli Abışov olub.
 

xəbər verir ki, o, müsahibəsində maraqlı məqamlardan danışıb. Həmin müsahibəni ixtisarla təqdim edirik: 
 

 

- Futbolçu olmaq ailənizdə necə qarşılandı? 

- Ailəmizdə futbolçu olmadığından, məni bu idman növünə qoymurdular. Doğulub, boya-başa çatdığım Hacıqabulda futbola maraq böyük deyildi. Ancaq futbolçu olmaq istəyim çox olduğundan, onun arxasınca getdim. Əslində, mən musiqiçi ailəsində böyümüşəm. Atam, qardaşlarım nağara ifaçıları olublar. Mən gözümü açıb, onları görmüşəm və nağaraya da həvəsim yarandı. Nəticədə iki peşəkar sənətim oldu.

 - Sizcə, hansı sənətdə işləriniz daha yaxşı alındı?

- Əlbəttə, futbolçu kimi. Ancaq nağaraçı kimi də zəif deyiləm (gülür). Dost-tanışlarımın toyunda öz məharətimi göstərməyimi xahiş edirlər. Məsələn, məşqçimiz Yaşar Abuzərovun toyunda nağarada ifa etdim.

 - “Şəmkir”də milli komandamızın da üzvləri olan Mahmud Qurbanov, Vidadi Rzayev, Xaliq Mərdanov, Badri Kvaratsxeliya və sair tanınmış futbolçularla bir yerdə oynayarkən, özünüzü necə hiss edirdiniz?

- Düzdür, mən onlar kimi güclü futbolçu sayılmasam da, 1-2 matçda oynamayanda meydanda yerim görünürdü. Mən heyətdən kənarda qalanda komandanın mərkəzdə oyunu alınmırdı. “Şəmkir”də rahat oynamasaydım, daim heyətdə olmazdım. Hər halda, qara qaşıma, qara gözümə aşiq olmamışdılar ki... Məhz “Şəmkir”də potensialım tam açıldı.

 - Karyeranızın son illərində iddiası az olan klublarda oynamağı yaşınızın çoxluğu ilə əlaqələndirərdiniz?

- Onda bəzi komandalar məni oyunuma görə yox, yaşımı əsas gətirərək götürmədilər . Əslində, karyeramdakı son komandalarda çıxışım da yaxşı alınıb. “Kəpəz”i 1-ci diviziona düşməyə qoymadıq. Qusar “Şahdağ”ıyla bir sıra güclü klubları yendik, uzun müddət yuxarı pillələrdə getdik.

 - Oyunlarınızdan hansı sizin üçün ən uğurlu, vurduğunuz qollardan hansı daha baxımlı olub?

- Mərkəz yarımmüdafiəçilərinin vurduğu qollar adətən uzaqdan olduğundan baxımlı alınır. “Şəmkir”in heyətində “Neftçi”ylə “Qızıl oyun”da, Azərbaycan klublarının Çempionlar Liqasında ilk dəfə mərhələ keçdiyi “Skonto”yla tarixi matçlarda meydanda olmuşam. Hətta “Qızıl oyun”dan sonra Saşa (“Şəmkir”in mərhum prezidenti Şahbaz Süleymanov) mənə demişdi ki, sənin belə yaxşı oyununu görməmişdim. İndi futbolçulara daha yaxşı mükafat verirlər, sadəcə, yaxşı oynayan lazımdı (gülür).

  - Karyeranızda hansı kuryoz hadisələr daha çox yadınızda qalıb?                                            

- Milli çempionatımızda böyük səs-küy doğuran “Şəmkir” – “ANS Pivani” oyununun iştirakçısı olmuşam. Onda qonaq komandada çıxış edirdim. Top qapı xəttindən 1 metr kənarda olsa da, baş hakim Nemət Mahmudov qol saydı. “Neftçi”də oynadığım zamanı “Turan”la Tovuzdakı matçda da qapımızdan keçməyən topu hesaba aldılar. Həmin matçı stadiondan izləyən məşhur Aleksandr Çivadze də təəccüblənmişdi ki, belə qolu necə sayarlar? Olmayan penaltini verə bilərsən, ancaq gərək qol olsun ki, onu hesaba alasan. “Neftçi”də çıxış etdiyim zamanı Yunis Hüseynovun “Pambıqçı” (Bərdə) ilə oyunda penaltini necə yerinə yetirməsi də yaxşı yadımda qalıb. O, birbaşa zərbə vurmadı, komanda yoldaşına ötürmə verdi. Yunis hesabda böyük üstünlüyümüzə görə belə qeyri-adi addım atdı. Futbolçunun penaltini bu cür yerinə yetirməyə ixtiyarı olsa da, rəqib qayda pozuntusunu əsas gətirərək narazılıq etdi. Ancaq baş hakim haqlı olaraq qolu saydı.

 - Ailənizdə yolunuzu davam etdirən varmı?

- İki oğlum, iki qızım var. Böyük oğlum bir az futbol oynadı. Ancaq gördüm ki, alınmır. Onu məcbur etmək istəmədim. 2006-cı il təvəllüdlü olan kiçik oğlumu özümlə oyunlara aparıram. Evdə medallarımı görüb həvəslənir. Deyir ki, akademiyada seçimə düşəcəyəm. Oğlanlarım mənim adıma yox, öz adlarına görə oynayacaqlar.


Digər xəbərlər

Xəbər xətti