Roman Qriqorçuk: "Qarşımıza qoyduğumuz bu çətin vəzifəni həll etməliyik”

14:23 29 Yanvar 2015

“Sonuncu yoxlama matçının ssenarisi bizim üçün bir az uğursuz oldu. Oyunun ilk hissəsində xeyli qol imkanlarını qaçırdığımızdan, matç başqa məcrada davam etdi. Nəticədə çətin vəziyyətə, hesabda iki top geriyə düşdük. Komandamın məhz belə durumda özünü necə göstərməsini mənə maraqlı idi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Türkmənistanın "Altın Asır" klubu ilə bərabərə qaldıqları yoxlama oyunundan (3:3) sonra klubun rəsmi saytına deyib.

 

"Hesabdakı geriliyi aradan qaldıra bilməyimiz xarakterin olduğunu göstərir. Bu isə çox vacib amildir. Fasilədən sonra rəqibi tam üstələdik. Futbolçular ikinci hissədə əzmkarlıq göstərmələri nəticəsində məğlubiyyətdən qaça bildik. Məhz ikinci hissəyə əsasən məndə yaxşı təəssürat qaldı” - deyə o bildirib.

Ukraynalı mütəxəssis mövsümün ikinci yarısında “qırmızı-qaralar”ın qarşısında duran məqsəd haqda da danışıb:

“Biz indidən heç nəyi proqnozlaşdıra bilmərik. Qarşımızda çətin vəzifə avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçünsə turnir cədvəlində irəliləməliyik. Avropa Liqasına düşmək üçün 10 xallıq fərqi aradan qaldırmalıyıq. Bu isə heç də asan iş deyil. Ancaq qarşımıza qoyduğumuz bu çətin vəzifəni həll etməliyik”.


Xəbər xətti