Xəqani Məmmədov: “Prezidentə müraciət etmək o demək deyil ki...” – AÇIQLAMA

11:37 3 Fevral 2015

FIFA hakimliyindən uzaqlaşdırıldıqdan sonra milli birincilikdə də oyunlar idarə etməkdən məhrum olan eks FIFA referisi Anar Salmanov ölkə başçısına müraciət edib.

Sportaren.az xəbər verir ki, bu barədə “Het-trik News” qəzeti məlumat yayıb. Daha əvvəl AFFA prezidenti Rövnəq Abdullayev və PFL prezidenti Ramin Musayevə də müraciət etmiş Salmanov görünür bununla qane olmaq niyyətində deyil. Belə ki, Respublika Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Respublikanın Birinci Xanımı Mehriban Əliyevaya müraciət edən Salmanov ona qarşı haqsızlıq olduğunu iddia edib.

Məsələ ilə bağlı Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovla əlaqə saxladıq. Məsələ ilə bağlı qısa danışan Məmmədov bildirdi ki, “Hər bir kəsin öz narazılığını sərbəst şəkildə bildirmək və şikayət etmək ixtiyarı var. Hər halda mən öz başımdan, şəxsi qərəzdən belə qərar verməmişəm. Hər şey qanunauyğun şəkildə icra olunduğu üçün bir narahatçılğım yoxdur”.

Bəs bu şikayətdən sonra Salmanovun yenidən hakimliyə qaytarılması mümkündürmü? – sualına isə Komitə sədri belə cavab verdi:

- “Prezidentə şikayət etmək o demək deyil ki, həmin gün onu geri bərpa edəcəyik. Müəyyən prosedurlar, normativlər var. Onları ödədikdən sonra haqqında nəsə fikirləşərik”.

 


Digər xəbərlər

Xəbər xətti