Səlahət Ağayev: “Kamran Ağayev başa düşdü ki, ehtiyatda qalacaq”

14:01 3 Fevral 2015

“İnter”in qapıçısı Səlahət Ağayevin apasport.az saytına müsahibə verib.

 

Sportarena.az sizə həmin müsahibəni təqdim edir.

 

- Antalyadakı yoxlama oyunlarına və transferlərinə əsasən, komandanızın çempionatın ikinci yarısına qələbə ilə başlayacağı gözlənilirdi. Amma “Sumqayıt”la oyunda 2 xal itirdiniz...

- Niyə belə alındı? Əvvəla, yoldaşlıq oyunları ilə rəsmi matçları eyniləşdirmək  olmaz. Hər ikisi fərqli ab-havada keçir. Antalyada yaxşı oynadıq, qələbələr qazandıq. Ancaq bu da faktdı ki, ilk 2-3 oyun hər zaman çətin, ağır keçir. Çünki yorğunluq olur. Toplanışın yorğunluğunu dərhal atmaq mümkün deyil. Həmin yorğunluq ilk oyunda səni izləyir. Ancaq bir oyuna görə də heç kim “İnter”in zəiflədiyini deyə bilməz. Bu tək bizə yox, bütün komandalara aiddir. Başlanğıcda gözlənilməyən nəticələr qeydə alınır.

 

- Bəlkə rəqibin ölkə xaricinə çıxmamağı, güclü transferlər etməməyi, əksinə, “İnter”in həm transfer bazarında, həm də hazırlıq prosesində aktiv olması arxayınçılıq yaradıb?

- Belə deməzdim. Həmin gün bizim oyunumuz alınmadı. Çox səhvlərə yol verdik. Top saxlamaqda çətinlik çəkirdik. “Sumqayıt”da zəif komanda deyil. Gənclərdən qurulsalar da, mübarizə aparırlar.

 

- Çoxlu səhvlərə yol verdiyinizi dediniz. Bu qədər səhvlərə yol verməyiniz nədən qaynaqlanırdı?

- Yorğunluqla yanaşı, meydançanı dəyişməyimizin də təsiri oldu. Antalyada biz təbii ot örtüyündə məşq edirdik. Bura gəldikdən sonra isə sünidə oynadıq. Təbii ilə süni örtükdə topun hərəkəti eyni olmur. Çətinlik yaradır.

 

- Səbəblər nə qədər çox olsa da, çempion olmaq üçün xal itkilərini minimuma endirmək vacibdi...

- “İnter” hər zaman iddialı olub. Avrokuboklarda oynamaq üçün mübarizə aparıb. İstəyirik çempion olaq. Məşqçilər də, futbolçular da bunun üçün əllərindən gələni edirlər. Ancaq qismət deyilsə, nə edirsən et, xeyri yoxdu. Xal itirmək olmaz, lakin futbolda bundan qaçmaq da mümkün deyil. “Sumqayıt”la oyunda penaltidən də istifadə edə bilmədik. İdman xoşbəxtliyi bizimlə deyildi.

 

- Yeni transferlər necə, komandanı gücləndirə biləcəklərmi?

- Yeni transferlərimiz Əfranla Şakemdi. Uyğunlaşmaqda çətinlik çəkirlər. Əfranın zədəsi var. Şakem də ilk oyununa çıxmışdı. Üstəlik, Antalyadakı toplanışda da cəmi 1 həftə birgə məşq etdik. Çünki komandaya sonradan gəldi. Aydın məsələdi ki, ilk gündən tam uyğunlaşmaq mümkün deyil.

 

- Növbəti turda “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. “Simurq”la oyuna əsasən əyalət təmsilçisinin əvvəlki kimi güclü olmadığını iddia etmək olarmı?

- Əvvəlki kimi güclü olmasalar da, zəif də deyillər. Cavan uşaqlardı, daha həvəsli olur, daha çox qaçırlar. İstənilən rəqiblə oyunumuz çətin keçəcək.

 

- Ancaq uğurlu seriyaya başlamaq üçün münasib rəqibdi...

- Çalışırıq, rəqibin kimliyindən asılı olmayaraq qələbə qazanaq. Əgər çempion olmaq, Çempionlar Liqasında oynamaq istəyiriksə, bunu reallaşdırmalıyıq.

 

- Son günlərdə gündəmdə olan əsas məsələlərdən biri də millinin qapısını kimin qoruyacağıdı. İndiyə qədər əsas qapıçı gözü ilə baxılan Kamran Ağayev “Qəbələ”dən ayrıldı və “Kayserispor”a keçdi. Hələ ki, işləri yolunda getmir, siz isə “İnter”in əsas qapıçısısınız. Bu, “çərçivə”yə keçməyiniz üçün əsas səbəb ola bilərmi?

- Kamran burdan getməklə düzgün qərar verdi. Ona uğurlar arzulayıram. “Qəbələ” yeni qapıçı gətirib və deməli, baş məşqçi ona güvənəcək. Kamran da uşaq deyil, neçə ildi futbol oynayır, başa düşdü ki, ehtiyatda qalacaq. Millinin qapıçısının ehtiyatda qalmasındansa, oynaya biləcəyi komandaya getməsi yaxşı haldır. Üstəlik, “Kayserispor”da yaxşı komandadı. Baş məşqçinin millinin qapısını kimə tapşırmasından asılı olmayaraq, vacib olan qələbə qazanmaqdı. Hələ xalımız yoxdu. Qapıda Kamran durdu, ya mən, məqsədimiz dəyişməyəcək. Təbii ki, hər bir futbolçu əsas heyətdə yer almaq istəyir. O cümlədən mən də. Bunu indidən demək olmaz. Çünki qərarı baş məşqçi verəcək.

 

- Özünüzü yığmanın digər qapıçılarından nədə üstün sayırsınız?

- Baş məşqçi deyəcək. Kimi hazır sayacaqlarsa, o da qapıda dayanacaq.

 


Xəbər xətti