"Sumqayıt"ın prezidenti: "Heç-heçə bizim üçün uğurlu nəticədir" - MÜSAHİBƏ

13:05 4 Fevral 2015

“Sumqayıt” klubunun prezidenti Kamran Quliyevin apasport.az saytına müsahibə verib.

Sportarena.az sizə həmin müsahibəni təqdim edir.

- Komandanız çempionatın ikinci yarısına yaxşı başladı. Çempionluğa iddialı və sizdən fərqli Antalyada təlim-məşq toplanışı keçən “İnter”dən 1 xal alacağınızı gözləyirdizmi?

- Futbolda hər nəticə olur. Bir oyuna görə hansısa fikir səsləndirmək qeyri-peşəkarlıq olar. Biz də təlim-məşq toplanışı keçmişik. Mən həmişə vurğulamışam ki, yalnız sparrinq rəqib tapmaq mənasında, ölkə xaricindəki toplanış fərqlənir. “İnter”ə Antalyada yaradılan şəraitlə komandamıza burda yaradılmış şəraitin fərqi yalnız coğrafi fərqdi. Meydançalar fərqlənə bilər, orda təbii örtüklü meydançalardı. Və sparrinq rəqiblərin keyfiyyəti. Biz burda “Bakı”, AZAL və I Divizion təmsilçiləri ilə oynadıq. Başqa heç bir fərq yoxdu. Orda da 3 dəfə yemək yeyirlər, burda da. Hava şəraitinə gəlincə, mən şübhə ilə yanaşıram ki, orda hava burdakından yaxşıdı. Antalyada tez-tez yağışlar yağır. “İnter”lə oyuna gəldikdə yenə deyirəm, bir oyuna görə nəsə demək düzgün olmaz. “İnter” çox güclü komandadı, qızıl medallara iddialıdı. Konkret olaraq, çempionluğa oynayır və illər boyu stabilliyini göstərir. Onlarla oyunda komandamız bir neçə qol vəziyyətindən istifadə edə bilmədi. Amma nəzərə alaq ki, “İnter” də penaltini qaçırdı. Bu mənada, heç-heçə bizim üçün çox uğurlu nəticədi. Özü də səfərdə qazanılan heç-heçə. Üstəlik, “Sumqayıt” tarixində ilk dəfədi ki, “İnter Arena”dan xal götürüb.

 

- “Sumqayıt” qış “transfer pəncərəsi”ndə aktivlik göstərməyən komandalardan oldu. Daha çox sabiq futbolçularınızı qaytarmaqla diqqət çəkdiniz...

- Bizim komandanı tərk edən futbolçuların sayı da az idi. İlk yarıdakı heyəti qoruya bilmişdik. Buna görə də, çox transfer etmədik. Pərdislə keçən ilin sonlarına doğru razılığa gəldik. Heyətdə noyabrda müqavilə bağladığımız Uğur Pamuk da var. O bizə normal vəziyyətdə gəlmişdi, sonra zədələndi. Mövsümün ikinci yarısında bizə qoşulacağını nəzərə almışdıq. Fevralın 8-9-da gələcək. Bir də Pərdisi qaytardıq. Gedənlərin sayı isə 3 nəfər oldu.

 

- Pərdis məhz “Sumqayıt”da özünü göstərdikdən sonra milliyə dəvət almışdı. Amma uzun müddətdi oyun praktikası baxımından əziyyət çəkir. Qorxmursuz ki, birdən inamınızı doğrultmaz?

- Təbii ki, risk var. Futbolda həmişə risk mövcuddu. Amma onunla müqaviləni elə şərtlərlə bağlamışıq ki, qazanacağı pul göstərəcəyi oyundan asılı olacaq. Pərdis zədəli idi, ona görə də son vaxtlar oynamırdı. Onun qazancının 50 faizindən çoxu meydandakı oyunundan asılı olacaq. Hər şey özündən asılı. Biz o riskləri nəzərə almışıq.

 

- Baş məşqçi Aqil Məmmədovun işindən razısızmı?

- Baş məşqçinin işi mövsümün əvvəlində qarşısına qoyulmuş şərtlərdən və onların həyata keçirilməsindən asılı olur. Mövsüm hələ bitməyib. Onun qarşısına ötənilki nəticəni yaxşılaşdırmaq tapşırığı qoyulub: oyun, futbolçu seçimi və milliyə oyunçu verilməsi baxımından. Hesab edirik ki, Aqil Məmmədov hal-hazırda işinin öhdəsindən gələ bilir. Biz istəyirik ki, tək futbolçu yox, məşqçi də yetişdirək. Aqil müəllimdən əlavə, Samir Abasova imkan yaratmışıq. Bundan əlavə, akademiyamızda təxminən 12 seleksioner-məşqçi işləyir. Hamısı cavan məşqçilərdi. Biz məşqçi də yetişdirməliyik.

 

- Futbol şəhərlərimizdən biri sayılan Sumqayıtın komandası çempionatda qalmaq uğrunda mübarizə aparır. Nə vaxtsa klub öz iddiasını artıracaqmı?

- Şirkətin təsisçiləri var. Onların məqsədlərindən asılı olaraq, dəyişə bilər. Təsisçilər tərəfindən bizim qarşımıza qoyulan məqsəd birinci növbədə, Azərbaycan futboluna qulluq etməkdi. Milliyə nə qədər futbolçu vermişik, əsas budu. 2-3 ildən sonra yığmada oynayan futbolçuların çoxu “Sumqayıt”da püxtələşmiş oyunçular olacaq. Nə vaxtsa büdcə artırılsa, təsisçilər iddialı komanda görmək istəsələr, başqa “Sumqayıt” görəcəksiz.

 


Xəbər xətti