Vaqif Sadıqov: "Hazırkı heyət bizim ən böyük ümidimizdi"

14:08 5 Fevral 2015

“Rəqiblərin hamısı tanışdı. Ayrı-ayrı vaxtlarda onlarla qarşılaşmışıq. Mənim vaxtımda Almaniya və Avstriya ilə eyni qrupda mübarizə aparmışıq. Həmin dövrdən artıq 10 il keçib. Bu illər ərzində futbol dəyişilib, elə bizim futbolumuz da xeyli tərəqqi edib”.

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına əsas və 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.

U-21 millimizin AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində yer aldığı qrupu dəyərləndirən təcrübəli mütəxəssis rəqiblərin güclü olduğunu bildirib: “İndi Avropada zəif rəqib yoxdu. Heç bizim yığmamız da zəif deyil. Baş məşqçi Yaşar Vahabzadə gəncləri yaxşı tanıyan, böyük təcrübəyə malik mütəxəssisdi. Almaniya və Rusiya qrupun favorit, Avstriya ilə Finlandiya isə ortabab komandalardı. Hesab edirəm ki, ən azı 3-cü yerə iddia edə və Almaniya ilə Rusiyaya qarşı başabaş mübarizə apara bilərik. Yığmamıza inamımız çox böyükdü. Ötən seçmə mərhələnin son oyunları göstərdi ki, komandada potensial var. İnşallah, qrupda bütün komandalarla layiqli mübarizə aparacaq bir kollektiv formalaşdıra bilərik. Paralel olaraq həm nəticə, həm də əsas milliyə ehtiyat qüvvə hazırlamaq barədə fikirləşməliyik. Ümumiyyətlə, futbolçunun ən yaxşı vaxtı 27-28 yaşda olur. Nəzərə alaq ki, 5 ildən sonra AVRO-2020 keçiriləcək. Həmin vaxt da yığmanın əsasını hazırkı gənclər təşkil edəcəklər. Hazırkı heyət bizim ən böyük ümidimizdi. Hamı bu uşaqlara dəstək verməlidi”.

Qeyd edək ki, U-21 millimiz AVRO-2006-nın seçmə mərhələsində Almaniya və Avstriya ilə eyni qrupda yer almışdı və həmin vaxt komandamızı məhz Vaqif Sadıqov çalışdırıb. Sadıqovun rəhbərliyi altında gənclərimiz Almaniyaya 0:2, Avstriyaya isə 0:3 hesabı ilə məğlub olmuşdu.

Yığmamız AVRO-2017-nin seçmə mərhələsində Almaniya, Rusiya, Avstriya, Finlandiya və Farer adaları ilə eyni qrupda yer alıb.

 

 


Digər xəbərlər

Xəbər xətti