Rahid Əmirquliyev: "Elnur elə hərəkət etməməli idi" - MÜSAHİBƏ

00:04 7 Fevral 2015

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibə verib.

Sportarena.az sizə həmin müsahibəni təqdim edir:

 

- Azərbaycan Premyer Liqasının XX turunda sabah “İnter”lə qarşılaşacaqsınız. Oyuna hazırlıq necə gedir?

- Heyətimizdə gənclər olsa da, yaxşı hazırlaşırıq. Çətin oyun olacaq. “İnter”in məqsədi fərqlidi. Bu komanda çempionluq uğrunda mübarizə aparır. Bizi nə gözlədiyini bilirik. Ancaq doğma meydanda oynayırıq, bu amildən mütləq istifadə etməliyik.

 

- “İnter” çempionluq uğrunda oynasa da, ikinci yarıya uğursuz start verdi. “Sumqayıt”la matçdakı heç-heçənin rəqibdə əlavə qıcıq yaradacağını gözləyirsinizmi?

- Təlim-məşq toplanışından sonrakı matçlar hər zaman çətin keçir. “Sumqayıt”la oyunlarına baxdıq. Qol vurmaq üçün kifayət qədər epizodları oldu, istifadə edə bilmədilər. Əlavə təzyiq yaradacaqlarına inanmıram. Həm də evdə oynamağımız bizim üçün stimuldu. Çünki azarkeşlərimiz stadiona gəlib, bizi dəstəkləyəcəklər.

 

- “Sumqayıt”la oyuna baxdığınızı dediniz. Qış fasiləsindən sonrakı “İnter”in güclü cəhətləri hansılardı?

- Bu komanda kompakt şəkildə mübarizə aparır. Heyətində yaxşı oyunçular var. Hücum xəttində Nildo kimi təhlükəli hücumçu yer alıb. Çalışacağıq onlara öz oyunlarını nümayiş etdirmək imkanı verməyək. Bunu edə bilsək, istədiyimiz nəticəni qazana bilərik.

 

- Son dəyişikliklərdən sonra belə fikir formalaşıb ki, istənilən komanda “Xəzər Lənkəran”dan xal alacaq gücdədi. Bu cür yanaşma sizi narahat etmir?

- Biz tam gənclərlə oynamırıq. Gedən təcrübəlilərin yerini gənclər tutub. Həmin gənclər də perspektivli futbolçulardı. Hazırkı heyətlə istənilən komandaya müqavimət göstərə bilərik. Bizi məğlub etmək, ya xal almaq heç bir komandaya asan olmayacaq. Qoy onlar elə fikirləşsin, biz öz işimizi görəcəyik.

 

- “Xəzər Lənkəran” daim iddialı olub və aktivindəki qələbələrin sayı çoxdu. Məğlubiyyətlərin sayı artacağı təqdirdə, bu, futbolçulara psixoloji cəhətdən problem yaratmayacaq?

- Hər birimiz qələbə qazanmaq istəyirik. Futbolda nəyin necə olacağını əvvəlcədən bilmək olmur. Bəlkə qələbələrimiz yenə çox olacaq.

 

- Yerli gənclərin sayının çoxalması azarkeşlərin komandaya marağını artırıbmı?

- Məşqlərə gəlirlər. Oyunlara gələnlərin də sayının artacağını gözləyirik. İndi əksəriyyəti lənkəranlı gənclərdi. Onlara dəstək olmaq lazımdı.

 

- Elnur Abdullayevin “Simurq”un forması altında “Xəzər Lənkəran”a vurduğu qoldan sonrakı sevinci hələ də müzakirə olunur. Məsələnin bu qədər şişirdilməsi nə dərəcədə düzdü?

- Elnurla mən də danışdım. O, səhvini başa düşdü. Özü də istəmədən belə alındı.

 

- İstənilən futbolçu qol sevincini etik qaydalara riayət etməklə istədiyi şəkildə qeyd edə bilər. Burda qeyri-adi nəsə axtarmağa dəyərmi?

- O, 4 il “Xəzər Lənkəran”ın çörəyini yeyib. Futbolçunun bu cür hərəkət etməsi fanatlara, eləcə də klub rəhbərliyinə qəribə gəlir. Gərək elə hərəkət etməyəydi. Başqa cür də sevinmək olardı. Elnur dedi ki, komandaya qarşı elə hərəkət etmək fikrim yox idi.

 


Digər xəbərlər

Xəbər xətti