Kamran Ağayevin rəqibi Superliqa komandası olacaq

17:44 13 Fevral 2015

Türkiyə Kubokunda 1/4 final və yarımfinal mərhələsinin püşkatmasının tarixi açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın qapıçısı Kamran Ağayev və sabiq hücumçusu Branimir Subaşiçin rəqibləri fevralın 17-də bəlli olacaq.

 

Həmin gün Bakı vaxtı ilə saat 14:00-da püşkatma mərasimi start götürəcək. Mərasimdə federasiya rəsmiləri ilə yanaşı, Kamran Ağayevin formasını geyindiyi “Kayserispor”, Branimir Subaşiçin şərəfini qoruduğu “Manisaspor”, eləcə də 1/4 final mərhələsinin digər iştirakçıları “Fənərbaxça”, “Qalatasaray”, “Sivasspor”, “Bursaspor”, “Gənclərbirliyi” və “Mersin İdmanyurdu” nümayəndələri də iştirak edəcəklər.

 

Püşkatma zamanı “Kayserispor”, “Manisaspor”, “Gənclərbirliyi” və “Mersin İdmanyurdu” ikinci səbətdə yer alacaqlar. Bu isə o deməkdi ki, adıçəkilən komandalardan hərəsi yuxarıda adları sadalanan Superliqa klublarından birinə rəqib olacaq.

 

Qeyd edək ki, Türkiyə Kubokunda 1/4 final mərhələsinin ilk oyunları martın 3-5-də, cavab qarşılaşmaları isə 7-9-da keçiriləcək. Yarımfinal mərhələsinin görüşləri isə 28-30 aprel və 19-21 may tarixlərinə təsadüf edəcək.

 


Digər xəbərlər

Xəbər xətti