Azərbaycanın futbol əfsanəsi 50 yaşını qeyd edir

12:31 17 Fevral 2015

Azərbaycan yığması və “Xəzər Lənkəran”nın sabiq çalışdırıcısı Nazim Süleymanovun 50 yaşı tamam olur.

Sportarena.az saytı bu münasibətlə təcrübəli mütəxəssisi təbrik edir, ona gələcək həyat fəaliyyətləri və məşqçi karyerasında uğurlar arzu edir.

Nazim Süleymanov 1965-ci il fevralın 17-də Sumqayıt şəhərində anadan olub. 8-9 yaşlarından futbola başlayan Nazim 17 yaşında "Sintetik Kauçuk Zavodu"nun komandasında debüt edir. İstedadlı futbolçu mütəxəssislərin diqqətini cəlb edir və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan Avtomobilçi (Mingəçevir) klubunun heyətinə cəlb olunur. İnamlı oyunu ilə seçilən Nazim Azərbaycanın birinci komandası Neftçi klubuna dəvət alır. Bakı təmsilçisinin heyətində minlərlə futbolsevərin rəğbətini qazanan Nazim Süleymanovun adı indi də sevilərək səslənir.

Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1996-cı ildə Alaniya Vladiqafqaz ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür. Bu unudulmaz futbolçunun karyerasında Spartak Moskva, Jemçujina-Soçi kimi klubların adı var.

Oyunçu karyerasının bitirən Nazim Süleymanov məqşçilik fəaliyyətinə start verir. Rusiya çempionatında yarışan Jemçujina-Soçi klubunun əvəzedici heyətinin məşqçisi təyin olunun Nazim Süleymanovun komandası "Cənub" çempionatında 9-cu yerdə qərarlaşır. Növbəti il Vətənə dönən Süleymanov yenicə yaranmış Xəzər-Lənkəran klubuna baş məşqçi təyin olunur. Bir mövsüm bu komandanı çalışdıran mütəxəssis müvəqqəti olaraq Azərbaycan milli komandasına baş məşqçi təyin olunur. Nazim Süleymanovun daha sonra çalışdığı məkan Bakı futbol klubudur. O, həmin klubun gənclər komandasını çalışdırmışdır.

Maraq üçün qeyd edək ki, Nazim Süleymanov tək futbolla bərabər güləşdə də uğur qazanıb. O, sərbəst güləş üzrə Mingəçevir çempionu titulunun sahibidir.


Xəbər xətti