Rahid Əmirquliyev: "Çempionatın səviyyəsi də aşağı düşür" - MÜSAHİBƏ

18:20 20 Fevral 2015

"Xəzər Lənkəran"ın və milli komandanın futbolçusu Rahid Əmirquliyev apasport.az saytına müsahibə verib.

 

Sportarena.az sizə həmin müsahibəni təqdim edir:

 

- Azərbaycan Premyer Liqasının son turunda "Qəbələ"yə məğlub oldunuz. Halbuki oyunda ilk qolu siz vurmuşdunuz...

-Biz də istəyirdik ki, qələbə qazanaq. Komandanın bütün üzvləri meydana 3 xal üçün çıxmışdılar. Artıq neçənci oyundu birinci hissəni yaxşı keçirdiyimiz halda, fasilədən sonra komandada nəsə baş verir.

 

- Bunu komandanın təcrübəsizliyi, yoxsa fiziki durumun aşağı səviyyədə olması ilə əlaqələndirirsiz?

- Fiziki durum yerindədi. Ola bilsin, gənclərdə təcrübə çatmır. Bunu baş məşqçi daha yaxşı bilir. Biz çalışırıq ki, dediyim çatışmazlığı aradan qaldıraq. Təkcə ilk hissəni yox, bütün 90 dəqiqəni yüksək səviyyədə oynamalıyıq.

 

- "Xəzər Lənkəran" azarkeşləri həmişə komandalarından yüksək nəticə gözləyirlər. Qorxmursuz ki, uğursuz gedişat azarkeşləri sizdən daha da küsdürə bilər?

- İnanmıram buna. Azarkeşlər bizə həmişə dəstək, pis günümüzdə də, yaxşı günümüzdə də yanımızda olublar. Sadəcə, komandanın strukturu dəyişib. İndi daha çox cavanlara üstünlük verilir. Azarkeşlər də bunu başa düşürlər. Çünki komandadakı oyunçuların çoxu lənkəranlı uşaqlardı. Məncə, azarkeşlərimiz bizə qalan oyunlarda daha çox dəstək olacaqlar.

 

- Hazırkı heyət və potensialla "Xəzər Lənkəran" mövsümü neçənci pillədə bitirə bilər?

- Bizim bir məqsədimiz var: hər oyuna qələbə üçün çıxırıq. Ancaq mövsümü hansı pillədə başa vuracağımızı indidən deyə bilmərik. Ən azından, bacardığımız qədər yuxarı pillələrdə qərarlaşmağa çalışacağıq.

 

- "Xəzər Lənkəran" və "Bakı"nın hazırkı durumu, "Qəbələ"nin qeyri-stabil çıxışı, çempionatda 9 komandanın qalması və digər bu kimi amillər Azərbaycan Premyer Liqasına marağı azaltmırmı?

- Razıyam sizinlə. Komandaların sayının az olması, "Xəzər Lənkəran"la "Bakı"nın strategiyasının dəyişməsi marağı azaldır. Bundan əlavə, çempionatın səviyyəsi də aşağı düşür.

 

- Millinin Antalyaya gətirdiyi heyətdə sən də yer aldın. Yəqin ki, Robert Prosineçkinin dəvəti sürpriz olmadı...

- Deyilmişdi ki, çox dəyişikliklər olacaq. Bu mənada, çağırılacağımı gözlədiyimi deməzdim. Amma hardasa bilirdim ki, məni də milliyə çağıracaq. Prosineçki klubların heyətində özünü yaxşı tərəfdən göstərən oyunçuları dəvət edib. Əlimdən gələni edəcəm ki, toplanışda özümü yaxşı tərəfdən göstərim və onun etimadını doğruldum.

 

- Fevralın 24-də millimiz Ukraynanın "Şaxtyor" klubu ilə yoxlama oyunu keçirəcək. Bu cür matçlarda milli və klubla qarşılaşmağın arasında nə kimi fərq var?

- Milli komanda ilə qarşılaşsaydıq, daha yaxşı olardı. Yəqin yığmalardan heç biri ilə razılığa gələ bilməyiblər. Amma "Şaxtyor" da güclü klubdu. Bir də ki, yoxlama oyunlarında nəticə önəmli deyil. Prosineçkik çağırdığı oyunçuları yoxlayacaq. Hamı da çalışacaq ki, məşqçinin verdiyi tapşırıqları yerinə yetirib, ilk toplanışdaca onun diqqətini cəlb edə bilsin.

 

- "Neftçi"nin oyunçuları, həmçinin legioner həyatı yaşayan əksər futbolçular bu toplanışda iştirak etməyəcəklər. Prosineçkinin komandanı tam yığa bilməməsi ona gələcək işində mane olmayacaq ki?

- Həmin futbolçuları çağırmağa da vaxtı olacaq. Özünüz də görürsüz ki, bu toplanışa daha çox cavan uşaqlar çağırıb. Onları yoxlamaq istəyir. Amma növbəti toplanışlarda digərlərini də çağıra bilər.

 

- Berti Foqtsdan fərqli, Prosineçki hücum futboluna üstünlük verəcəyini söyləyir. Yığma üzvü kimi bu, sənin ürəyincədimi?

- Hər məşqçinin öz taktikası olur. Biz futbolçuyuq, borcumuz məşqçinin tapşırıqlarını yerinə yetirməkdi. Prosineçki hücum futbolunu bəyənirsə, onun istədiyi oyunu göstərməliyik. Məncə, bizim üçün problem olmaz.

 

- AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində gələn ay Malta yığması ilə qarşılaşacağıq. Azarkeşlərə qələbə sevinci bəxş edə biləcəksinizmi?

- Təbii ki, məqsəd yalnız qələbə olmalıdı. Amma Malta zəif rəqib də deyil. Bununla belə, biz meydana 3 xal üçün çıxacağıq.

 

 


Xəbər xətti