İcraiyyə Komitəsinin bütün qərarları

17:02 6 Mart 2015

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

 

 

 

Sportarena.az xəbər verir ki, “Park İnn” otelində baş tutan tədbirdə aparılmış müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.

 

2015/2016-cı il mövsümündən başlayaraq Topaz Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunacaq. 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilib.

 

Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. Maaş limitinə riayət etməyən klublara 3 növ cəzalar tətbiq olunacaq: Klubun aktivindən xalların silinməsi, maliyyə sanksiya və futbolçunun diskvalifikasiyası.

 

2015/2016-cı il mövsümündə Topaz Premyer Liqası klublarının sayı 10 klub olaraq müəyyənləşdirilsin. Cari mövsümdə Topaz Premyer Liqasında sonuncu pilləni tutmuş komanda çıxışını I divizionda davam etdirəcək. Aşağı dəstədən Premyer Liqaya AFFA-nın Lisenziyalaşdırma qaydalarına uyğun gələn və I divizionda müvafiq yerləri tutan 2 klub yüksələcək.

 

2015/2016-cı il mövsümündə ölkə çempionatının oyunlarının yayımı ilə əlaqədar  AFFA tərəfindən televiziyalar və şirkətlər üçün tender keçiriləcək.

 

Məşqçilər Komitəsinin təklifinə əsasən, yeni turnirin təşkil olunaraq keçirilməsi və bundan irəli gələn məsələlərin həlli AFFA-nın Məşqçilər Komitəsi və Peşəkar Futbol Liqasına tapşırılıb.

 


Xəbər xətti