"Pavel Paşayevin Azərbaycanda oynaması gündəmdə deyil"

18:05 6 Mart 2015

 “Azərbaycan millisi Pavel Paşayevin timsalında çox güclü futbolçu qazanacaq. O, komandanın ən yaxşılarından birinə çevriləcək”.

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında ukraynalı menecer Konstantin Sosenko deyib.

 

Müştərisi - Zaporojyenin “Metallurq” klubunun futbolçusu Pavel Paşayevin Azərbaycan millisinə cəlb olunması haqda danışan Sosenko bildirib ki, bu məsələnin tezliklə həll olunmasını istəyir: “Pavel həm sürətli, həm də müdafiədə etibarlıdı. Özü haqda müsbət fikir formalaşdıra bilib. Millidə çıxış etmək marağındadı. Düşünürəm ki, məsələ müsbət həllini tapacaq. Bunun yığmanın qarşıdakı matçlarına qədər həllini tapmasını istəyərdim”.

 

Sosenko bu məsələnin çoxdan gündəmdə olduğunu deyib: “İki ildi Paşayevin Azərbaycan yığmasına cəlb olunması məsələsi ilə məşğuluq. Həmin vaxt AFFA-nın dəvəti ilə Bakıya gəlib, danışıqlara başladıq. Lakin onda müsbət nəticə əldə edə bilmədik. Sonradan yenidən məsələyə qayıdıb, onun həlli üçün çalışdıq. AFFA-da bir neçə dəfə olub, rəsmilərlə söhbətlər etdik. İndi futbolçu yığmada oynamağa yaxındı”.

 

Bu yay “Metallurq”la müqaviləsi başa çatan Pavelin mövsümlərarası fasilədə Azərbaycan klublarına keçməsi də istisna deyil. Çünki legioner sayılmayacaq milli üzvü istənilən komandanı gücləndirmək iqtidarındadı. Lakin Sosenko bunu o qədər də inandırıcı hesab etmir: “Paşayevin anlaşması yayda bitəcəyindən, onun klub karyerası ilə də məşğulam. Hazırda əlimdə xeyli sayda Ukrayna klubunun təklifi var. Biz də bunları müzakirə edirik. İlk növbədə futbolçunun istəyi, sonra isə digər məsələlər, o cümlədən maliyyə tərəfi də nəzərə alınmalıdı. Bu üzdən onun başqa ölkədə - elə Azərbaycanda oynaması hələlik gündəmdə deyil. Çünki bunun üçün ilk növbədə heyətində görmək istəyən klub da olmalıdı”.

 

Qeyd edək ki, əslən azərbaycanlı olan müdafiəçi assosiasiyaya müraciət edərək yığmamızda oynamaq istədiyini bildirib. Bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Ukrayna Futbol Federasiyası bildirib ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında iştirak edib, lakin əsas komandada oynamayıb. Bu üzdən də AFFA onun müvafiq qaydalara uyğun olaraq, Azərbaycan millisində forma geyinməsinə razılıq vermək üçün FİFA-ya müraciət edib.

 


Digər xəbərlər

Xəbər xətti