Elnur Cəfərov: "Meydana 4 qol vurmaq üçün çıxacayıq" - MÜSAHİBƏ

19:48 9 Mart 2015

“Xəzər Lənkəran” klubunun gənc futbolçusu Elnur Cəfərovun sportarena.az saytına müsahibəsi:

 

- Son oyunlarda “Xəzər Lənkəran” yaxşı oynasa da müdafiədə problemler olur. Daha çox da rikoşetlərlə bağlı problem var...

– Futbolçu topun qabağına özünü atanda çalışır ki, qol olmasını əngəlləsin. Amma, bəzən də əksi olur. Bu bəxtdən aslıdır. Alınmayanda alınmır. Sadəcə bir az daha məsuliyyətli davranmaqla daha yaxşı oynamaq olar.

 

- Son ötürməni verərkən çox tərəddüd edirsən. Bu nə ilə bağlıdır?

– Mən son anda daha yaxşı oynamağa çalışıram. İstəyirəm ki, son ötürməm daha effektli olsun. Hücumda bir az problemlərim də olur. Bu daha çox ustalığımın az olmasındandır. Təcrübəm də son nöqtələri qoymaq üçün azdır.İnşallah oyundan-oyuna artırdıqca bu problemin də öhdəsindən də gələ biləcəm.

 

- “İnter”lə kubok oyununda qələbə qazana biləcəyinə inanırsanmı?

– Heç kəs deyə bilməz ki, səfərdə 2:0 uduzmaqla şansları itirmişik. Ağır oyun olacaq. Biz meydana 4 qol vurmaq üçün çıxacayıq. Bizə ən çox ümüd verən azarkeşlərin dəstəyi olacaq. Onları stadiona gəlib dəstək olmağa çağırıram. Gəlsinlər, maraqlı oyun olacaq. İlk dəqiqələrdəcə qol vura bilsək əla olacaq.

 

- Komandada qələbə üçün nə çatışmır?

– “Bakı” klubunun da heyyəti bizim kimi gəncləşdirildi. Onlar keçən ildən bu yana təcrübə yığdılar. Amma biz bu il başlamışıq və gördüz ki, onları məğlub edə bildik. Bizə bir az təcrübə lazımdır. Sadio və Rahiddən savayı ön xəttə təcrübəli futbolçu yoxdur. “Qarabağ”la oyunda da yeganə çatışmamazlığımız qol vura bilməməyimiz idi. Komandanın futbolçuları öz üzərlərində işləyib artırsa, növbəti ildə ilk üçlük üçün mübarizə apara bilərik.

 

- Komandaya yayda təcrübəli oyunçular gətirilə bilər. Onlarla rəqabətə hazırsızmı?

– Bizim üçün fərq etmir. Belə düşünürəm ki, təcrübəli oyunçularla rəqabət aparmaq daha yaxşı olar. Onlardan çox şey öyrənə bilərik. Çalışacayıq elə edək ki, heç oyunçu gətirilməsinə ehtiyac olmasın.

 

- Sənə xarici və yerli klublardan təkliflər olduğu deyilir...

– May ayına qədər komandaynan müqaviləm var. Müqavilə bitəndən sonra da rəhbərliklə bu barədə danışacayıq.

 

- Təkliflər varmı həqiqətən və sirr deyilsə hansı klublardandır?

– Var, bəli. Haradan olduğunu bilmirəm. Bütün bunları mənim atam danışır. Mən hələ yaşda kiçiyəm. Belə məsələlərə qərar verə bilmərəm. Hələ ki burdayıq. Allah kərimdir.

 

 

Rahim Şaliyev

 

 

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti