Kubok həyacanı: Yarımfinala çıxmaq kimlərə qismət olacaq

14:32 12 Mart 2015

Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

 

 

Sportarena.az xəbər verir ki, eyni gündə baş tutacaq 4 qarşılaşma yarımfinalçıların adlarına aydınlıq gətirəcək.

 

Mükafat uğrunda mübarizəni davam etdirəcək ilk 2 komanda paytaxtda müəyyənləşəcək. Belə ki, cavab qarşılaşmaları Bakıdakı oyunlarla start götürəcək. Üz-üzə gələcək 4 cütdən üçündə yarımfinalçının adına böyük ölçüdə aydınlıq gəlib. Bu görüşlərdə ilk matçda qalib gələn tərəf üstünlüyünü qorumalıdı. Yalnız iki Bakı klubu arasındakı paytaxt derbisində cavab oyunu həlledici xarakter daşıyacaq.

 

Belə ki, günün ən çox maraq kəsb edən matçında AZAL “Neftçi”ni qəbul edəcək. İlk oyunda qolsuz heç-heçəylə ayrılan komandaların duelində qalib cavab görüşündə müəyyənləşməlidi. Doğma meydan amili “təyyarəçilər”ə əlavə üstünlük versə də, bu amil onların ziyanına da işləyə bilər. Çünki qollu heç-heçə ardıcıl 3 dəfə finalda oynayan “Neftçi”ni seriyanı davam etdirməyə yaxınlaşdıracaq. Bu qarşılaşma rəqiblərin son 42 gündə 4-cü dueli olacaq.

 

Paytaxtdakı digər matç isə daha çox formal xarakter daşıyır. Topaz Premyer Liqasının lideri ilə autsayderinin duelinin taleyinin ilk matçda həll edildiyini də demək olar. Öz meydanındakı görüşün ilk 45 dəqiqəsində 3 cavabsız qol vuran “Qarabağ”ın “Bakı” ilə səfər oyununda büdrəyəcəyi heç inandırıcı görünmür.

 

İlk oyununda böyük hesabın qeydə alındığı digər cütdə isə iki əyalət klubu qarşılaşacaq. Səfərdə 3:0 hesabı ilə qələbə qazanan “Simurq” “Qəbələ”ni sınağa çəkəcək. Çempionatda 4-cü pillə uğrunda mübarizə aparan komandalar yarımfinala vəsiqə üçün “döyüşəcək”.

 

Ölkə kubokunda dəfələrlə üz-üzə gələn “Xəzər Lənkəran”la “İnter”in bu dəfəki duelində favorit paytaxt təmsilçisidi. Öz meydanındakı ilk qarşılaşmada 2 cavabsız qolla qalib gələn “bankirlər”in üstünlüyünü əldən verəcəyi inandırıcı deyil. Əsasən gənclərdən təşkil olunan meydan sahibləri isə sensasiyaya imza atmağa çalışacaq.

 

Azərbaycan kuboku

Cavab oyunları

13 mart (cümə)

15:00. AZAL – “Neftçi”
AZAL Arena
İlk oyun – 0:0


15:00. “Bakı” – “Qarabağ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
İlk oyun – 0:3


17:00. “Xəzər Lənkəran” – “İnter” 
“Xəzər Lənkəran” mərkəzi stadionu

İlk oyun – 0:2


17:00. “Simurq” – “Qəbələ”
Zaqatala şəhər stadionu

İlk oyun – 3:0

 


Digər xəbərlər

Xəbər xətti