Ermənistanın boks üzrə yığmasının baş məşqçisi Bakıya gəlməkdən imtina etdi

14:55 17 Mart 2015

Onu gənclərdən ibarət yığmanın baş məşqçisi əvəz edəcək.

Ermənistan yığmasının baş məşqçisi David Torosyan Bakıda keçiriləcək Avropa Oyunlarına gəlməkdən imtina edib, onun əvəzinə komandanı gənclərdən ibarət yığmanın baş məşqçisi Karen Ağamalyan əvəz edəcək.  

 

Sportarena.az Azadlıq Radiosu-na istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbət zamanı Ermənistanın Boks Federasiyasının prezidenti Artur Qevorkyan bildirib.

“Boks üzrə yığma Bakıya yollanacaq və Avropa Oyunlarında iştirak edəcək. Mən və yığmanın uşaqları, idmançı və əsgər kimi döyüşdən imtina edə bilmərik. Biz Bakıya gedəcəyik və əgər siyasi qərar qəbul ediləcəksə, biz Ermənistanın digər komandaları kimi getməyəcəyik. Hələlik belə qərar yoxdur, biz yığmanı formalaşdıracaq və Avropa Oyunlarına hazırlaşacağıq”, - Artur Qevorkyan deyib.

Xatırladaq ki, mart ayının 10-da Ermənistanın Milli Olimpiya Komitəsi Avropa Olimpiya Oyunlarında iştirak etməyi qərara alıb. Ermənistan Bakıda altı idman növündə: atıcılıq, sambo, cüdo, güləş, boks və taekvondo üzrə təmsil ediləcək.

Bakıda keçiriləcək Avropa Oyunlarında yunan-Roma üslubunda güləş üzrə yığmanın əksər hissəsi iştirak etməyin əleyhinə çıxış edib. Atıcılıq Federasiyası hələlik rəsmi qərar elan etməyib, amma erməni KİV-in məlumatına əsasən federasiya Oyunlarda iştirak etməyə hazırlaşır. Bakıya yola düşmək arzusunu sambo üzrə yığma da bəyan edib.

Ermənistan MOK-u bildirib ki, Komitə qəbul etdiyi qərara baxmayaraq Bakıya idmançıları yalnız könüllü olaraq yollayacaq.

 


Digər xəbərlər

Xəbər xətti