YAZI - Ədalətsiz "müharibə"nin qurbanları

22:54 26 Mart 2015

Dövlətlər arasında mütəşəkkil silahlı mübarizəyə müharibə deyilir. Müharibə iki yerə bölünür: ədalətli və ədalətsiz müharibə. Bu gün Azərbaycan özü də ədalətsiz müharibənin qurbanıdı. Nə vaxtsa sülh və ya müharibə yoluyla Azərbaycan öz torpaqlarını geri qaytarsa, bu dəfə biz ədalətli müharibənin qalibi olacağıq. Hazırkı durumda futbolumuz da ədalətsiz "müharibə"nin qurbanlarındandı. Bu barədə az sonra. Millimizin baş məşqçisi də Azərbaycana gələr-gəlməz bizlərə oxşadı, işini başqalarının intriqalarına qurban verməyi üstün tutdu. Gəlişi ilə bizi ümidləndirən, Malta ilə seçmə mərhələ matçına çağırdığı heyəti görəndə sevincimizi qursağımızda qoyan xorvatiyalı mütəxəssis də AFFA-nın baş katibinin "qucağında" oturduğunu bir daha sübuta yetirmiş oldu. 

Xorvat mütəxəssisin dəvət etdiyi "24"lüyə diqqət yetirəndə, öncə Azərbaycanın ən köklü klubu "Neftçi"dən heç kimin milliyə dəvət almadığı bəlkə də sizlər üçün maraq doğurdu. Mənim üçün qəti olaraq maraq doğurmadı, gözlənilən idi. Niyə? Cənab Prosineçki Bakıya gələn kimi başını futbola yox, milli mətbəximizlə qatdı. Qatmasaydı bilərdi ki, millinin heyətinə "Qarabağ"dan dəvət etdiyi yarımmüdafiəçi Cavid Tağıyev geridə qalan turlarda 21 oyunda 1235 dəqiqə meydanda olub. Bu da hər oyuna təxminən 59 dəqiqə edir. Amma və lakin "Neftçi"nin heyətində geridə qalan turlarda 18 oyun yaşıl meydanlara çıxan Mirhüseyn Seyidov 1424 dəqiqə (hər oyuna orta hesabla 79 dəqiqə), Araz Abdullayev isə 21 oyunda 1401 dəqiqə (hər oyuna 67 dəqiqə) tər töküb. Statistikadan göründüyü kimi "Qarabağ"lı Cavid Tağıyev "Neftçi"nin hər iki yarımmüdafiəçisinə bu mübarizədə uduzub. Amma bu gün "ağ-qaralar"ın üzvləri millinin heyətinə dəvət almayıb, Cavid Tağıyevin kölgəsində itiblər.

İndi isə Prosineçkinin qapıçı seçəndə harası ilə fikirləşməyi barədə: İlk olaraq Səlahət və Kamran milliyə dəvət alsa da, sonda səhhətindəki problemə görə "İnter"in qolkiperi heyətdən uzaqlaşdırıldı. Əvəzinə isə "Ayntraxt"a transfer olunan, hələ heç bir rəsmi çempionat oyununda "çərçivə"ni qorumayan Emil Balayevə milliyə qoşulmaq üçün dəvət yollandı. Oynamadığı oyuna, düşə bilmədiyi heyətə görəmi? Pulsuzluqdan "Bakı"nı "Neftçi"yə dəyişən Aqil Məmmədov "ağ-qaralar"ın heyətinə qoşular-qoşulmaz Saşa Stamenkoviçi "ikinci dərəcəli" etməklə "çərçivə"nin başına keçdi. "Neftçi"nin qapısını 6 oyunda qoruyan Aqil cəmi 4 dəfə topu qapıdan çıxardıb. "Ağ-qaralar"ın heyətində qoşulan kimi serbiyalı qolkiperi ehtiyata göndərdiyinə görə naxçıvanlı balası millini haqq edənlərdən idi. Amma Məmmədov-Sadıqov davasında tərs şillələrdən biri də Aqilə tuş gəldi və onun milliyə dəvəti əngəlləndi.

Bu Məmmədov-Sadıqov ədalətsiz "müharibə"sinin görünən üzüdü. İndi isə gələk Məmmədov - Məmmədov "müharibə"sinə. Bu həmin Məmmədovlardı ki, birincisi AFFA-nın baş katibidi. Digər Məmmədov isə "Bakı" klubunun prezidenti, indi bir az əli "aşağı düşən" "Hafka" ləqəbli Hafiz Məmmədovdu. Tez fikirləşdiz ki, bunlar arasında nə "müharibə" ola bilər? İndi özünüz görəcəksiz. Premyer Liqanın bombardiri "Bakı"dan Nurlan Novruzovdu. Amma bugün Novruzovu millinin heyətində görməyəndə həqiqətən də bu Məmmədovlar arasında "silahsız və ədalətsiz "müharibə"nin şahidi oluruq. Millinin baş məşqçisi açıqlama verərək bildirib ki, "Nurlan mənim oyun stilimə uyğun deyil". Düz deyirsən, gərək stilin ola axı, o da yoxdursa, Nurlan sənə uyğun olmaz. Əslində Nurlan Seyidəhmədin əli ilə "ovlandı".

Yəqin bildiniz kimi deyirəm. Söhbət "Bakı"nın keçmiş icraçı direktoru Yaşar Seyidovdan gedir. Bir aralar Nurlan pulsuzluğa etiraz edərək "Bakı"dan getmək istəyirdi. O, sandığı açıb-tökməklə keçmiş "Bakı"lı Yaşar Seyidovun üstünə çox getdi. Seyidov isə usanıb-çəkinmədən Nurlanı bir video-materialla "sındırdı" və onun gedişinə mane olaraq özü "Bakı"nı tərk etdi. Yəqin eşitmiş olarsınız, "Bakı"dan ayrılan Yaşar Seyidov milli komandanın rəisi olmaq üçün artıq AFFA-nın baş katibi Elxan Məmmədova razılıq verib. Bu isə o deməkdi ki, bu adam millidə olduğu müddətdə Nurlan üçün bu qapılar artıq bağlıdı. Xorvatiyalı baş məşqçimiz Nurlanın 11 qoluna kölgə salaraq, bombardirlər siyahısında 8 qolla 6-cı yerdə qərarlaşan, "Sumqayıt"ın milliləşdirilən oyunçusu Məhəmməd Qurbanovu heyətə çağırması gülüş doğurur.

Bu siyahını uzatmaq, həm də çox uzatmaq olar. Amma xeyri yoxdu. Nə vaxta qədər milli komandamızın başına gələn baş məşqçilər Elxan Məmmədovun "qucağından" düşməyəcəksə, bu belə də davam edəcək. İstər yerli, istərsə də əcnəbi mütəxəssis olsun. İndi isə mən heç nə demirəm. Bildiyim odu ki, ən azından "Neftçi" və "Bakı" Elxan Məmmədov tərəfdən başladılan ədalətsiz "müharibə"nin qurbanlarıdı. Bu "müharibə"nin nə vaxtsa bitəcəyinə isə deyəsən hələ çox var.

P.S. "Bakı"nı başa düşdük. Bəs "Neftçi" niyə qurban seçilib bilmirəm. Ən azından "Neftçi"də Elxan Məmmədovun öz kadrı mühüm vəzifəni tutur. Deməli, Elxan Məmmədov öz kadrını qurban verməklə belə, istədiyinə nail olmağı bacaranlardandı.

 

 

Emin Tarverdiyev

Komanda.az

 


Digər xəbərlər

Xəbər xətti