"Qəbələ"nin futbolçusu mükafatlandırıldı - VİDEO

11:57 7 Aprel 2015

“Qəbələ”nin 17 yaşlılardan ibarət komandasının iştirak etdiyi İtaliyada keçirilən beynəlxalq turnir başa çatıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” “A.S.D. Borgaro 1965” klubunun təşkilatçılığı ilə Turin şəhərində keçirilən “Mario Maggoni – Walter - Richi” turnirində 3 oyunda qüvvəsini sınayıb. Sayca 36-cı dəfə keçirilən çox nüfuzlu turnirin qrup mərhələsində "Qəbələ" adlı-sanlı “Sampdoriya” və “Parma”, həmçinin təşkilatçı klubla üz-üzə gəlib. Baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv genuyalılara 0:1, parmalılara 0:2 hesabı ilə uduzub. Komandamız turniri meydan sahibləri ilə qolsuz heç-heçə ilə başa vurub.

 

Yalnız qrup qalibləri və ən yaxşı nəticəyə malik komanda yarımfinala yüksəldiyindən “Qəbələ” qrup səddini adlamayıb. Turnirin qalibi adına isə finalda “Atalanta”nı 3:0 hesabı ilə məğlub edən “Sampdoriya” qazanıb. Mükafatlandırma mərasimində “Qəbələ”nin futbolçusu Hacıağa Hacıyev də fərqlənənlərdən biri olub. O, yarışda iştirak edən xarici klubların heyətində ən yaxşı futbolçu kimi fəxri kubokla mükafatlandırılıb.

 

U-17 ilə yanaşı, qüvvəsini ölkə xaricində təşkil olunan turnirdə sınayan 12 yaşadək futbolçulardan ibarət komanda isə ənənəvi “İzmir kuboku”nda mübarizə aparıb. 21 ölkədən olan 48 komanda arasında olan “qırmızı-qaralar” G qrupunda yer qalıb. Almaniya təmsilçisi Mönhenqladbax “Borussiya”sına və Qırğızıstan “Bişkek”inə 0:4, Rumıniyalı əfsanə Georgi Hacının Futbol Akademiyası, “Altay” və “Bursaspor”a 0:1 hesabı ilə məğlub olan komanda növbəti mərhələdə yerli klublarla üz-üzə gəlib. “Kasimpaşa”ya 0:1 hesabı ilə məğlub olan U-12 “Korriklu” ilə “sülh” bağlayıb – 1:1. “Başakşəhər”ə 1:4 hesabı ilə uduzduqdan sonra isə “qırmızı-qaralar” “İzmirspor” üzərində qələbə qazanıb - 3:0. Turnirin son günündə Almaniya “Vattenşayd”ı ilə qolsuz heç-heçə edən "Qəbələ" “Kasımpaşa”ya yenilib – 0:3. İzmirdəki son matçında Bolqarıstanın “Ariston Ruse” komandasını sınağa çəkən “Qəbələ” Rəşad Əhmədov, Ülvi Mədətov və Emil Süleymanovun qolları ilə 3:0 hesablı qələbə qazanıb. 

 

 


Xəbər xətti