Emin Quliyev: "Böyük oyun"dan heç nə qalmayıb" - MÜSAHİBƏ

14:35 9 Aprel 2015

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Emin Quliyevin azerisport.az saytına müsahibə verib:

 

Sportarena.az həmin müsahibəni diqqətinizə çatdırır:

 

- Artıq xeyli müddətdir futboldan kənarda qalmısınız. Hazırda nə işlə məşğulsunuz?

- Düzünü desəm, heç nə ilə. İş təklifi gözləyirəm. Mən futbol adamıyam, özümü başqa hansısa sahədə görmürəm.

 

- Bəs necə yaşayırsınız?

- Mənim heç bir biznesim yoxdur ki, oradan gəlir götürüm. Atam sağ olsun ki, belə bir zamanda köməyini əsirgəmir.

 

- Gənc və yeniyetmələrdən ibarət yığma komandalarımızı yerli mütəxəssislərə tapşırmağa başlayıblar. Sizə belə bir təklif edilməyib?

- Mənə konkret təklif edilməyib. Amma bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüm oldu. Ümid edirəm ki, tezliklə mən də futbola qayıdacağam.

 

- Məşqçilər Komitəsi Azərbaycanda U-18 və U-20 yığmalarının yaradılması ideyası ilə çıxış edib. Yəqin ki, orada sizə də iş tapılar...

- Zaman göstərəcək. Bu, təkcə gənc oyunçularımıza yox, eyni zamanda yerli məşqçilər üçün bir şans olacaq. Şübhəsiz ki, burada həm futbolçularımız, həm də məşqçilərimiz yaxşı təcrübə toplamış olacaqlar.

 

- Sabah "Xəzər Lənkəran"la "Neftçi" arasında növbəti "Böyük oyun" baş tutacaq...        

- Əlbəttə, oyuna maraq var. Amma etiraf etmək lazımdır ki, bu komandaların görüşlərində "Böyük oyun"dan heç nə qalmayıb. Buna baxmayaraq, maraqlı oyun olacağına ümidliyəm. "Neftçi" avrokuboklara düşmək üçün mübarizə aparır, "Xəzər Lənkəran" isə turnir vəziyyətini yaxşılaşdırmağa və prinsipial rəqibinə qalib gəlməyə çalışacaq. Hər iki komanda qələbəyə oynayacaq. Çətin ki, lənkəranlı azarkeşlər sevimi komandalarının "Böyük oyun"da uduzmasını bəyənə.

 

- Siz də bu mövsümün zəif keçdiyini düşünənlərlə razısınız?

- "Bakı" və "Xəzər Lənkəran" kimi vaxtilə böyük imkana malik klublar indi gənclərin ümidinə qalıbsa, futbolumuzun flaqmanı "Neftçi" əvvəlki əzəmətindən uzaqdadırsa, əlbəttə, çempionatın səviyyəsi aşağı enəcək. Klublarımızın bu mövsüm avrokuboklarda böyük uğur qazanacağına da inanmıram. Məsələn, "Qarabağ"ı götürək. Avropada daha yaxşı çıxış etmək üçün bu komanda ilə çempionatda rəqabət apara bilən bir neçə rəqib olmalıdır. Amma bu mövsüm bunu görmürük.

 


Xəbər xətti