"Baku Fires" – "USA Knockouts" görüşü üçün heyətlər açıqlandı

15:25 9 Aprel 2015

Aprelin 11-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 12-ci turu çərçivəsində “Baku Fires” Amerika Birləşmiş Ştatlarının USA “Knockouts”  klubu ilə qarşılaşacaq.

 

 

Sportarena.az  xəbər verir ki, amerikalılar 18 xalla qrupda 4-cü yeri tuturlar.   

 

Komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – USA “Knockouts”   
52 kq. Murad Rabadanov – Brent Riçard Veneqas     
60 kq. Albert Səlimov  – Karlos Balderas     
69 kq. Pərviz Bağırov  - Brayan Keballo       
81 kq. Mixail Dalqalivets  – Stiv Nelson        
+91 kq. Haci Murtuzəliyev – Kam Avesome   

Albert Səlimov bu görüşdə qələbə qazansa 2016-cı ildə keçiriləcək Rio de Janeyro Olimpiadasına vəsiqəni təmin edəcək. Onun rəqibi bu mövsüm 3 görüşdə qələbə qazanan və reytinqdə 7-ci yeri tutan Balderas olacaq.  18 yaşlı amerikalı boksçu USA “Knockouts”un ən istedadlı üzvlərindən sayılır.

Fərdi reytinqdə vəziyyətini yaxşılaşdırmaq üçün Pərviz Bağırova da mütləq qələbə lazımdır. Milli komandamızın üzvü bu mövsüm qeyri-sabit təsir bağışlayan Keballonu məğlub edə biləcək gücdədir. Amerikalı boksçu 2 döyüşdə qalib gəlsə də, 3 dəfə  rinqi məğlub tərk edib.

USA “Knockouts” klubunun liderlərindən biri 52 kq çəki dərəcəsində mübarizə aparan Veneqasdır. Hazırda reytində 3-cü sırada olan boksçu Olimpiya oyunlarına vəsiqə qazanmağa yaxındır.

Bu həftə B qrupunda   “Puerto Rico Hurricanes” doğma rinqdə “Astana Arlans”ı qəbul edəcək. “Argentina Condors” “Caciques Venezuela” klubu ilə qarşılaşacaq. “Rafako Hussars Poland” isə səfərdə “İtalia Thunder”in qonağı olacaq.  

Turnir cədvəli 
1. “Astana Arlans” – 33 xal,  (döyüşlərin nəticələri  46-9) 
2. Baku Fires – 23, (35-20) 
3. “İtalia Thunder “ – 20,  (32-22)
4. USA “Knckouts”  – 18, (26-29) 
5.  “Puerto Riko Hurricanes” – 18, (25-30)
6. “Venezuela Cacquez” – 17, (23-32)
7.  “Rafako Hussars Poland” – 12, (21- 34)  
8.  “Argentina Condors” – 3,  (11-43)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

 


Xəbər xətti