Alfred Sanko: "Hakimə qarşı da mübarizə aparırdıq" - MÜSAHİBƏ

13:09 11 Aprel 2015

Azərbaycan Premyer Liqasının 29-cu turunda "Neftçi" ilə 2:2 bərabərə qalan "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Alfred Sanko Qol.Az saytına müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni diqqətinizə çatdırır:


- “Neftçi” ilə vacib oyunda komandanı azlıqda qoydun...

- Düzünü desəm, komandamı belə vacib oyunda tək qoyduğum üçün çox məyusam. Amma tək məni günahlandırmaq düzgün olmaz. Çünki baş hakim Əliyar Ağayev matç başlayandan oyunu qərəzli idarə edirdi.

 

- Hansı epizodlarda hakimin yanlış qərar verdiyini düşünürsən?

- Ümumiyyətlə, oyun başlayandan meydanda “Neftçi” ilə yanaşı, hakimə qarşı da mübarizə aparırdıq. Oyunun baş hakimi “Neftçi”nin futbolçuları qayda pozuntusuna yol verdiyi zaman onlara vərəqə göstərmirdi. Bizi isə xəbərdarlıq belə etmədən sarı vərəqə ilə cəzalandırırdı. Bu ədalətsizlikdir.

 

- Amma etiraf edək ki, ikinci sarı vərəqəni aldığın zaman həqiqətən də rəqibinə qarşı sərt oynamışdın...

- Düzdür, ikinci epizodda sərt oynadım. Amma qarşılaşmanın əvvəlində hakimin ədalətsiz qərarları artıq məni özümdən çıxardı. Ona görə də əsəblərimə hakim ola bilmirdim.

 

- Səncə, bu, peşəkarlıqdan kənar deyilmi?

- Əlbəttə, belə bir vacib oyunda özümü ələ almalı idim. Amma qalib gələn bir komandaya hakimin rəğbət bəsləməsi məni sakitləşdirə bilməzdi.  Əsas odur ki, komandamız məğlub olmadı. Buna görə bütün komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Onlar ədalətsizliyə göz yummadılar.

 

- Sənin meydandan qovulmağından sonra sanki komanda yuxudan ayıldı. Nə baş verdi?

- Futbol əzmkarlıq tələb edən bir oyundur. "Neftçi" ilə görüşdə meydanda olan hər bir “Xəzər Lənkaran” futbolçusu bunu hiss edirdi. Biz doğma meydanda, azarkeşlərimizin qarşısında əzəli rəqibə məğlub ola bilməzdik. Sevinirəm ki, bunu da bacardıq.

 

- Necə düşünürsən, qırmızı vərəqə almasaydın, komandan qalib gələ bilərdi?

- Əgər 10 nəfərlə hesabda geridə olduğumuz halda heç-heçə etməyi bacardıqsa, deməli, qələbə də qazana bilərdik.

 


Digər xəbərlər

Xəbər xətti