YAZI Futbolçunun “var-yox” söyüşü

14:10 9 May 2015

- Yenə nə olub, ay loxəbər? “Neftçi” uduzdu?

- “Neftçi”nin udan günü var ki?

Düz 5 turdur ki, “Neftçi” ölkə çempionatında qələbə qazana bilmir. Dünən isə hər kəsin gözü önündə bu komanda “İnter” qarşısında “diz çökdü”. Düzdür, 0:4 hesablı məğlubiyyət istənilən komandanın başına gələ bilər. Amma çempionluğa və kuboka iddialı komanda bu qədər aciz görünə bilməz. Autsayder “Sumqayıt”la oyunda güclə məğlubiyyətdən “yaxasını qurtaran” “ağ-qaralar” Premyer Liqanın ikincisinin qarşısında tab gətirmədi. Meydan bütün mövqelərində rəqibinə uduzan komanda, 2 penaltini də boşa verdi. 

Əlbəttə, məlumdur ki, bu qələbəsiz seriyanın kökündə təkcə futbolçuların zəif çıxışı deyil, komandada olan ab-havanın da “rolu var”. Komanda daxilində gedən proseslər heç kimə xoş deyil. Təbii ki, Sadıq Sadıqovun “sevimli” futbolçuları yeni rəhbərliyin atdığı addımlarına yaxşı reaksiya verə bilməzlər. Elə dünən oyunda qırmızı vərəqə alan Mirhüseyn Seyidov da vəziyyətin ürəkaçan olmadığını göstərdi. Baş hakim İnqilab Məmmədovun meydandan qovduğu yarımmüdafiəçi tribunadakı azarkeşlərin, media nümayəndələrinin eşidə biləcəyi tərzdə referiyə “sənin var-yoxunu...”, 4-cü hakimə isə “peysər” deyərək soyunub-geyinmə otağına yollandı. Daha bir qeyri-etik hərəkət isə Julius Vobaydan gəldi. Afrikalı yarımmüdafiəçi əvəzləndiyi zaman baş məşqçi Arif Əsədovun qərarına etiraz etdi. Və onu əvəzləyən gənc Rəhman Hacıyevin də əlini sıxmamaqla hörmətsizlik göstərdi.

Ölkənin ən köklü klubunun nə daxilində, nə də xaricində vəziyyət yaxşıdır. Arif Əsədov yaxşı insan olsa da, məşqçi kimi “Neftçi”nin çəkisini qaldıracaq gücə sahib deyil. Nə də ki, bu komandanı toparlayacaq xarakter onda var. Julius Vobayın meydandan çıxarılmasına etirazı, Mirhüseyn Seyidovun heç bir ehtiyac olmadan Elvin Məmmədova təpik vurub meydandan qovulması Əsədovun futbolçuların “ipi”ni yığa bilməməsinin bariz göstəricisi idi. 

Bu intizamsızlığı elə “İnter”ə məğlubiyyətdən bir neçə saat sonra Müşahidə Şurası verdiyi qərarlarla düzəldəcəyinə işarə vurdu. Lakin “bir güllə bahar olmaz”. Ölkənin tanınmış yazıçısı Çingiz Abdullayev “Neftçi”yə gələrkən çox iddialı danışsa da, yəqin ki, o da anlayır ki, Azərbaycan futbolunda baş çıxarmaq qəliz məsələdir. Elə dünənki oyundan sonra onun üzündən bu ifadələr bəlli idi. Elxan Məmmədovun “at oynatdığı” futbolumuz Çingiz müəllimlə düzələn deyil. Yəqin ki, zaman keçdikcə, o özü də bunu anlayacaq. 

Artıq olan qalan 200-300 azarkeş də bu komandadan küsdü. Elə dünənki 0:4 hesabından sonra. Arif Əsədova səslənən istefa şüarları, qapıçı Aqil Məmmədova deyilən söyüşlər və oyun bitməmiş stadionu tərk etmək fanatların saylarının bir az da azalacağının göstəricisi idi. Elxan Məmmədovun tam istədiyi kimi – Azarkeş olmasın, gərginlik olmasın, komandalar boş meydanda AFFA-nın müəyyənləşdirdiyi şəkildə futbol oynasınlar.  2013-cü il avqustun 25-də Lənkəranda baş tutan “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra azarkeşlərə şər ataraq həbs etdirənlər bu gün stadionda olan qalan az tərəfdarları da “azdıracaqlar”. 

Arif Əsədov oyundan sonrakı mətbuat konfransında “azarkeşlər bu gün istefaya səsləyib, sabah alqışlayacaqlar. 6 il bundan qabaq da mən eyni şeyləri yaşadım, amma sonda komandanı çempion elədim alqışladılar”. Arif bəy yəqin ki, 6 il bundan qabaq hakimlərin köməyi, rəqib qapılarına təyin olunan olmayan penalti, öz qapılarına verilməyən penaltilər, hakimlər tərəfindən göstərilməyən qırmızı vərəqələrlə çempion olduğunu unudub. Amma indi zaman o zaman deyil. 

Arif bəy hakimlərdən narazılığını da dilə gətirdi. Amma inandırım ki, referilər düzgün qərar verir, amma siz buna öyrəşməmisiz.  Son sözüm də budur. Rəhbərlikdəki problemlər, çaxnaşmalar bir yana, amma siz həqiqətən “Neftçi”nin çəkisini qaldıracaq məşqçi deyilsiz...

Elsevər Məmmədov,qafqazinfo


Digər xəbərlər

Xəbər xətti