"Bakı-2015": Mingəçevirdə bilet satışı məntəqəsi açıldı

14:37 22 May 2015

Bakı 2015 Mingəçevirdə bu gün - Avropa Oyunları məşəlinin şəhərə çatmasıyla eyni gündə - bilet satışı məntəqəsini açdı.

 

SportArena.az xəbər verir ki, Mingəçevir, bu yay keçiriləcək Oyunlar zamanı avarçəkmə idman növü üzrə yarışlara ev sahibliyi edəcək.

Mingəçevir sakinləri, Bakı 2015-in 14-16 iyun tarixlərində baş tutacaq avarçəkmə yarışları üçün biletləri Mingəçevir Dram Teatrının kassasından ala biləcəklər.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq dedi: “Yeni açılmış kassa, Mingəçevir sakinlərinə gələn ay keçiriləcək dünya səviyyəli avarçəkmə yarışlarına bilet almağa imkan verəcək.

Şəhərdə xüsusi bilet satışı məntəqəsinin olması, Birinci Avropa Oyunlarını Azərbaycan xalqı üçün mümkün qədər çox əlçatan etmək vədimizdən irəli gəlir; beləliklə, onlar ölkədə gerçəkləşən möhtəşəm və tarixi idman bayramından zövq ala biləcəklər”.

Avarçəkmə yarışları üzrə ilkin mərhələ oyunlarında oturacaqlı yerlər üçün  biletlərin qiyməti 1 AZN-dən 3 AZN-ə qədər, final oyunları üçün isə 1 - 5 manat arasında müəyyən olunub. Yaşı 16-dan aşağı olan yeniyetmələr və uşaqlar isə bütün idman yarışlarına biletsiz buraxılacaqlar.

Mingəçevir Dram Teatrının kassası M.Füzuli küçəsi 29 ünvanında yerləşir və həftənin yeddi günü səhər saat 10:00-dan axşam saat 18:00-dək açıq olacaq.

Birinci Avropa Oyunlarının Bakıda keçiriləcək bütün idman yarışlarına biletləriwww.baku2015.com/tickets veb səhifəsindən onlayn qaydada almaq mümkündür.


Xəbər xətti