Avropa çempionatının qalibi olan güləşçi qızlar Vətənə qayıtdı - FOTO + VİDEO

16:33 28 İyun 2015

İstanbulda gənclər arasında güləş üzrə Avropa çempionatında uğurla çıxış edən qızlardan ibarət Azərbaycan milli komandasının üzvləri Vətənə dönüblər. Yığmamız komanda hesabında bütün rəqiblərindən üstün olub və 58 xalla Avropa çempionu adını qazanıb. Güləşçilərimiz qitə birinciliyini 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar.

Azərbaycanlı qadın güləşçilər çox güclü rəqabət şəraitində Avropa çempionu oldular. Bunu Türkiyənin İstanbul şəhərində gənclər arasında keçirilən Avropa çempionatında komanda hesabında birincilik qazanan Azərbaycanın qadın güləşi üzrə yığma komandasının böyük məşqçisi Yaqub Məmmədov deyib. 

"Bakıda keçirilən l Avropa Oyunlarında iştirak edən bir neçə idmançı yarışlara qatılmışdı. Amma Azərbaycanı təmsil edən qızlar bütün komandaları heyran etdilər. Rusiyalı məşqçilər demək olar ki, sıradan çıxmışdılar. Biz komandamızın birinci yerə çıxacağına əmindik. Bizim qızıl medalımız yox idi. Şükürlər olsun ki, keçmiş Avropa və dünya çempionu Səbirə Əliyeva bizə qızıl medal qazandırdı".

Qızıl medal qazanan Səbirə Əliyeva isə jurnalistlərə bildirib ki, bu onun ilk uğuru deyil: "Çox sevinirəm ki, məşqçilərimin ümidlərini doğrultdum. İnanıram ki, bundan sonra uğurlu nəticələr qazanacağam. Finaldakı rəqibim Urayna təmsilçisi idi və ona böyük üstünlüklə qalib gəldim".

Qeyd edək ki, güləşçilərdən Səbirə Əliyeva (72 kq) qızıl, Leyla Qurbanova (51 kq), Elis Manolova (67 kq) və Alyona Kolesnik (55 kq) gümüş, Raqnetta Qurbanzadə (63 kq) və Türkan Nəsirova (44 kq) bürünc medal qazanıb.

 


Digər xəbərlər

Xəbər xətti