Avropa Oyunlarının bağlanış mərasiminə gedənlər bunu oxusunlar - QAYDALAR

13:27 28 İyun 2015

Bu gün baş tutacaq Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar zəruri olan bütün təhlükəsizlik tədbirləri həyata keçirilib.
 

Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, Milli Stadion Qərargahının rəhbəri Səhlab Bağırov bildirib.
 
S. Bağırovun sözlərinə görə, mərasimə gələn tamaşaçılar bir əlində bilet, bir əlində şəxsiyyət vəsiqəsini yoxlama aparatının üzərinə qoyacaqlar:
 
“Burada tamaşaçılar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi avadanlıqlar vasitəsilə yoxlanılaraq stadiona buraxılacaqlar. Əlavə sıxlığın yaranmaması üçün tamaşaçılardan Bakı Olimpiya Stadionunun ərazisinə vaxtında, yəni saat 17:00-dan etibarən gəlmək tövsiyə olunur. Tamaşaçılar avtobuslara minərkən onların şəxsiyyət vəsiqələri və biletləri vizual qaydada yoxlanılacaq”.

S. Bağırov həmçinin qeyd edib ki, açılış mərasimində olduğu kimi bağlanış törəninə də stadiona gələn şəxslər üçün qadağan edilmiş davranışların siyahısı hazırlanıb. Belə ki tamaşaçılara
 
a) sosial, irqi, cinsi, dini , milli, dövlətlərarası nifrət oyandırmaq məqsədi daşıyan istənilən hərəkət etmək;
 
b) müəyyən edilmiş sahələrdən kənarda siqaret çəkmək;
 
c) yol nəqliyyatı qaydalarına və yol nəqliyyatı nizamlayıcılarının tələblərinə tabe olmamaq;
 
d) icazə verilməmiş aksiyalar təşkil etmək, vərəqlər, bukletlər və nəşrlər, təşviqat materiallarını və geyim əşyalarını qanunsuz paylamaq qadağandır.


Açılış mərasiminə gələn tamaşaçılara bəzi əşyaları özləri ilə götürmək yasaqlanıb. Qadağan olunmuş əşyaların siyahısı buraxılış və yoxlamanın həyata keçirildiyi girişlərdə qoyulacaq. 

S. Bağırov bildirib ki, tamaşaçılar özləri ilə kiçik dəsmal və kiçik bayraqlar götürə bilər:
 
“Həcmi 30 sm-dən böyük olan çantalar götürmək olmaz. Elə çanta götürmək lazımdır ki, öz yanında saxlaya biləsən 100 milli qramdan artıq ətir qabları götürmək olmaz. Kəsici, deşici alət, silah kimi istifadə olunan hər hansısa  əşya, eləcə də dərman topluları götürmək qadağandır”.
 
P, stadiona partlayıcı maddələr, silah və hərbi sursatlar, qazlar, tezalışan mayelər, zəhərli maddələr, şüşə qablar, velosipedlər, skuterlər, lazer şüalı cihazlar, lisenziyasız simsiz cihazlar, heyvanlar, çətirlər, bayraqları saxlamaq üçün sərt dirəklər, dini, siyasi, təxribat xarakterli və əxlaqa zidd məzmunlu çap materialları və istənilən növ reklam materialları, spirtli içkilər gətirməyin də qadağan olduğunu bildirib.
 
S. Bağırovun sözlərinə görə, stadion ərazisində su satışı təşkil olunacaq, buna görə də, tamaşaçılar özləri ilə su gətirməyə bilərlər.
 
"16 yaşı tamam olmayan uşaqlar tək buraxılmayacaq. Onlar heç avtobusa da buraxılmayacaq. Ona görə də uşaqlar stadiona böyüklərin müşayiəti ilə gəlməlidirlər, - deyə S. Bağırov qeyd edib.

Rəis müavini bildirib ki, bağlanış mərasimində təhlükəsizliyin qorunması üçün bütün xüsusi xidmət orqanlarından əməkdaşlar cəlb olunub.


Digər xəbərlər

Xəbər xətti