Roman Qriqorçuk: "Biz "Dinamo"dan güclü idik"

00:17 10 İyul 2015

"Qələbə qazandığımız üçün çox şadam. Bunu sözlə ifadə etmək kifayət etmir. Komandamız rəqibdən yaxşı oynadı".

Bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının birinci təsnifat mərhələsində Tiflis "Dinamo"suna 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri matçdan sonra deyib.

"Bu görüş bizim üçün psixoloji cəhətdən çətin idi. Düzgün analiz nəticəsində doğru qərar çıxardıq və qələbə qazandıq. Düzdür, oyunun sonunda qol vurduq, buna baxmayaraq, biz rəqibdən güclü idik" - deyə o bildirib.

O, Qəbələdə Gürcüstan bayrağının yandırılmasına da münasibət bildirib. Ukraynalı mütəxəssis deyib ki, bu hərəkət təxribat xarakterli idi:

"Belə hadisələrə pis yanaşıram. Bu da xalqın, klubun mövqeyi deyil. Bu cür hərəkət edən insanlar cəmiyyətdən uzaqlaşdırılmalıdır".

R.Qriqorçuk hər futbolçunun oyuna yanaşma tərzi fərqli olduğunu bildirib:

"Bunların hər birini də nəzərə aldıq. Ümumi nəticəyə gəldik və qələbə qazandıq".

O, Rəşad Sadiqov oyunun ən yaxşılarından biri olduğunu söyləyib:

"Düşünmürəm ki, o, zəif oynayıb. Standart vəziyyətlərdən yararlana bilmirik. Ancaq bu, o demək deyil ki, biz xüsusi olaraq standart vəziyyətlər üçün oyunçu transfer edək. Bu, komanda işidir". (qol.az)


Xəbər xətti