"Qəbələ" Kiprdəki qalmaqalla bağlı bəyanat yaydı

10:19 1 Avqust 2015

“Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon”la ilk oyununda baş verən məlum qalmaqalla bağlı bəyanat yayıb. Sportarena.az xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:

 

“UEFA Avropa Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprin Larnaka şəhər stadionunda keçirilmiş “Apollon” – “Qəbələ” (1:1) oyununda baş verən hadisələr dərin təəssüf hissi doğurub.

 

Futbol ictimaiyyətinin diqqətinə çatdırmaq istərdik ki, matçdan öncə həm rəqib klubun rəhbərliyinə, həm də UEFA nümayəndəsinə xoşagəlməz halların baş verməməsi üçün tədbir görülməsinin vacibliyi bildirilmişdir. Eyni zamanda, daha öncə klub və milli komandalar səviyyəsində Kiprdə keçirilmiş oyunlarda yaşanmış qalmaqallar hər iki tərəfin nəzərinə çatdırılmışdır. Xatırladaq ki, komandamızın kapitanı Cavid Hüseynov 2006-ci ildə 19 yaşlılardan ibarət Azərbaycan – Ermənistan milli komandalarının oyununda da kiprli azarkeşlərin fiziki təzyiqinə məruz qalıb.

 

Təəssüf hissi ilə qeyd etməliyik ki, keçmişdə baş vermiş bənzər hadisələr bu oyunda da yaşandı. Rəqib komandanın azarkeşləri ölkəmizin bayrağının yandırılmasına cəhd etsələr də, dərhal UEFA nümayəndəsi və “Apollon” klubunun rəhbərliyinə etirazımız bildirilmiş və məsələyə müdaxilə etmələri tələb edilmişdir. Bu tələbimizdən sonra qarşı tərəf bayrağımızın yandırılmasının qarşısını alıb.

 

Bununla belə, bütün xəbərdarlıqlarımıza baxmayaraq, tribunalarda xoşagəlməz hadisələr davam etdi. “Apollon” azarkeşləri ölkəmizin atributlarını təhqir etməkdən çəkinmədi.
Daim rəqibə, hakimlərə, azarkeşlərə hörmət prinsipini əsas tutan “Qəbələ” İK idman meydanlarında bu cür hadisələrin baş verməsinə qarşıdır. Bu səbəbdən 06 avqust 2015 tarixində keçiriləcək cavab oyununda azarkeşlərimizi təxribatlara uymamağa və yalnız komandamızı dəstəkləməyə çağırırıq.


Xəbər xətti