"Süni ot örtüyü olmasına baxmayaraq futbol topla oynanılır"

21:28 5 Avqust 2015

"Meydançanı gördük. Əlbəttə bizim öz stadionumuza oxşamır, çünki bizdə ot örtüyü təbiidir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri İspaniyanın "Atletik" (Bilbao) klubunun baş məşqçisi Ernesto Valverde deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsində Bakı "İnter"i ilə qarşılaşmadan öncə keçirilən mətbuat konfransında fikirlərini bildirən baş məşqçi paytaxtda keçən isti hava şəraitindən və sabahkı oyunda gözləntilərindən danışıb: "Bakıda isti hava var. Ancaq oyundan öncə hava şəraitini bəhanə kimi qeyd etmək istəməzdim. Çünki bu hava hər iki komandaya təsir göstərəcək. Yenə meydan amilini qeyd etmək istərdim. Süni ot örtüyü olmasına baxmayaraq futbol topla oynanılır. Məşq zamanı meydançaya uyğunlaşmağa çalışacağıq".

 

E.Valvarde cavab görüşü haqda bunları bildirib: "Əlbəttə hər iki oyun fərqlidir. "İnter" ilk görüşə qol buraxmamaq istəyi ilə gəlmişdi, ancaq olmadı. Evdə isə "İnter" müdafiə oyunu deyil, hücuma meyl edib, qol vurmağa çalışacaq. "Osasuna" ilə yoldaşlıq görüşü ilə sabahkı matçı müqayisə etsək, deyə bilərəm ki, tam fərqli oyunlardır. Çünki biri yoldaşlıq görüşü, digəri isə Avropa Liqasının pley-off mərhələsinə gedən yoldur".

 

Mütəxəssis onu da qeyd edib ki, təxminən heyəti formalaşdırıb: "Heyətdə hər mövqedə oynayan futbolçularım var. Elə düşünürəm ki, cavab görüşündə o qədər də böyük dəyişiklik etməyə ehtiyac yoxdur".

 

"İnter"in hazırda yaşadığı maddi problemlər haqda verilən suala isə E.Valvarde bu haqda düşünmədiyini və rəqib qarşısında ayıq olmağın lazımlığını söyləyib (Sportnet.az).


Xəbər xətti