Əmrah Çəlikəl püşkün nəticəsini dəyərləndirdi - MÜSAHİBƏ

17:02 7 Avqust 2015

"Qarabağ"ın direktoru Əmrah Çəlikəlin Sportarena.az saytına müsahibəsi

 

- Az öncə Avroliqanın "pley-off" mərhələsinin püşatma mərasimi keçirildi. "Qarabağ" bu mərhələdə İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq. Rəqib haqda nə deyə bilərsiz?

- Biz də bunu yenicə öyrəndik. "Yanq Boyz"la qarşılaşacağıq. Amma indidən onları zəif rəqib kimi təqdim edirlər. Zəif rəqib yoxdur. Bu mərhələdə demək olmaz ki, hansısa komanda hansındansa zəifdir. Hamısı güclüdür. Əlbəttə ki, "Qarabağ"da güclüdür. İnşallah, məqsədimiz odur ki, mərhələni keçək.

 

- Maraqlıdı, siz hansı komandanı gözləyirdiniz?

- Biz heç kimi gözləmirdik (gülür). Bu, püşkdü. Kimisə gözləmək olmur.

 

- Aydındı. Ancaq yəqin ki, siz də özünüzdə "Kaş bu komanda bizə rəqib olardı" demisiz. Mən bunu nəzərdə tuturam.

- Yox. Yenə deyirəm, püşkdə hansısa komanda istəmək də olmur. Püşkün nəticəsidir. Əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun.

 

- İlk oyun səfərdə olacaq. Bunu "Qarabağ" üçün üstünlük saymaq olar?

- Bəli, ümumi götürəndə, bu üstünlük sayılır. Amma gərək ordan yaxşı nəticə ilə dönək.

 

- Əmrah bəy, "Qarabağ" tarixində ikinci dəfə Avroliqanın qrupuna düşməyə yaxındı. Amma "Seltik"lə son oyunda heyətdə bəzi çatışmazlıqlar olduğu nəzərə çarpdı. Xüsusilə də hücum xəttində. Bu mənada yeni transferlər olacaqmı?

- Bununla bağlı hələlik hansısa çalışmamız yoxdur. İnşallah, nə isə olsa, sizə də bildirəcəyik.

 

 

Elnur SALAHOV


Xəbər xətti