Bakıda qalib gələn idmançı 96 min dolların sahibi oldu

11:55 6 Oktyabr 2015

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun təntənəli bağlanış mərasimi keçirilib. Sportarena.az xəbər verir ki, tədbirdə ilk olaraq Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib:

 

"Biz çox sevinirik ki, qonaqlar Dünya Kubokunda yaradılan şəraitdən razı qaldı. 128 şahmatçının iştirak etdiyi turnirdə güzəştsiz mübarizənin şahidi olduq. Özəlliklə finalda möhtəşəm oyun izlədik".

 

Azad Rəhimov bildirib ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun çıxışına böyük marağın olması sevindirici haldır:

 

"Oyun günlərindən birində 600-ə yaxın tamaşaçının şahmat oyunlarını izləməsi xüsusi vurğulanmalıdır. Dünya Kuboku və Şahmat Olimpiadası kimi mötəbər yarışları Bakıya həvalə etdikləri üçün FİDE rəhbərliyinə təşəkkürümü bildirirəm. İnanırıq ki, Şahmat Olimpiadası da Dünya Kuboku kimi yüksək səviyyədə təşkil ediləcək".

 

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov gələn il Şahmat Olimpiadasının da yüksək təşkilatçılıqla fərqlənəcəyini bildirib. AŞF rəhbəri FİDE ilə əməkdaşlıq barədə məlumat verib.

 

Mükafatlandırma mərasimində FİDE prezidenti Dünya Kubokunu yarışın qalibi Sergey Karyakinə təqdim edib. Reqlamentə əsasən Karyakin həmçinin 96 min dollara sahib çıxıb.


Digər xəbərlər

Xəbər xətti