Bezotosnı 481-də dayandı

11:30 5 Noyabr 2015

“Qəbələ”nin Avropa Liqasında uğurlu seriyası qırılıb. Sportarena.az xəbər verir ki, komandamız tarixində 2-ci dəfə iştirak etdiyi turnirdə ilk dəfə doğma meydanında məğlub olub. Halbuki, Roman Qriqorçukun yetirmələri bunadək öz meydanında nəinki uduzmamış, heç qol da buraxmamışdı. “Borussiya”ya 1:3 hesablı məğlubiyyət ukraynalı qapıçımız Dmitri Bezotosnının “quru seriya”sına son qoyub. Buna qədər o, ev oyunlarında qapısını 481 dəqiqə toxunulmaz saxlaya bilmişdi.

 

İstənilən halda, “Qəbələ”nin və Bezotosnının seriyası Avropa Liqasında 2015/16 mövsümü üçün rekord göstərici olaraq qalır. “Qəbələ” kimi mübarizəyə ilk təsnifat yarışından başlayaraq qrup mərhələsinədək irəliləyən klub yalnız “Rusenborq”dur. Ancaq Norveçin ən titullu təmsilçisinin də belə uğurlu göstəricisi yoxdur.

 

Xatırladaq ki, “qırmızı-qaralar” cari turnirdə 6 ev oyunundan birincini Qəbələdə, sonrakı 5-ni Bakıda, “Bakcell Arena”da keçirib. ("Qəbələ İK" qəzeti)


Digər xəbərlər

Xəbər xətti