Qriqorçukun ayrı-seçkiliyi - YAZI

21:16 8 Noyabr 2015

“Qəbələ”nin son ildəki uğurları Roman Qriqorçukun adı ilə bağlıdısa, son 1 aydakı uğursuzluqlarda da birbaşa ukraynalı mütəxəssisin imzası var. Hər nə qədər təcrübəli çalışdırıcı olsa da, o da bəzi məsələlərdə kobud səhvlərə yol verir. Misal üçün, götürək meydana buraxdığı heyəti. Aydın məsələdir ki, Qriqorçukun uğurlarında əsas pay sahibi Dodo başda olmaqla, bəzi legionerlərdir. Hamısı yox, məhz bəziləri. Baş məşqçi avrokubok oyunlarında meydana azərbaycanlı futbolçu kimi start heyətdə təkcə Arif Daşdəmirovu buraxır. Onun da dağıstanlı olduğunu nəzərə alsaq, Qriqorçukun Azərbaycan futboluna verdiyi xeyirin çox az, hətta yox dərəcəsində olduğunu anlamaq o qədər də çətin deyil.

 

Çempionat oyunlarında limitə “ilişən” mütəxəssis məcburiyyətdən yerli futbolçulara şans verir. Limit söhbəti olmasa, Qriqorçuk onlara da “qapını göstərib”, özününkülərə güvənər. Əslində bizim futbolçulara daha çox Avropa təcrübəsi lazımdır. Onlar gedib hər hansı ortabab klublardan birində oynaya, Premyer Liqa təcrübəsi yaşaya bilərlər. Necə ki, bəziləri illərdi əsas komandalarımızda əsas oyunçulardan olub. Azərbaycan futbolunun ən yaralı yeri məhz beynəxalq təcrübənin az olmasıdır. Qriqorçuk bunu nəzərə almırsa, deməli, öncə özünü, sonra çalışdırdığı klubu düşünür.
İkinci bir məsələ Roman İosifoviçin komandada ayrı-seçkilik salmasıdır. Belə ki, özünün gətirdiyi futbolçulara xüsusi qayğı və diqqətlə yanaşan ukraynalı digər legionerlərə elə də önəm vermir. Aleksey Antonov meydanda daha nə etməlidir ki, Qriqorçuk onun futbolçu olmadığını dərk eləsin. “Qəbələ”dən əvvəl nisbətən güclü klublarda çıxış etmiş ola bilər. Hazırda isə meydanda heç nə ilə yadda qalmır. Hücumda Sergey Zenyovla anlaşa bilmir, ona kömək etmir, tez-tez top itirir. Bütün bunlara baxmayaraq, Qriqorçuk öz gətirdiyi futbolçunu daim start heyətində meydana buraxırsa, deməli, burda başqa MƏQAMLAR var.


Digər klubkarımızda olduğu kimi, “Qəbələ”də də legioner futbolçu gətirərək, rəhbərlikdən əlavə gəlir əldə etmək ənənəsi çoxdan var. Bir epizodu da yaddan çıxmamış qeyd edim. “Borussiya” ilə ev oyununda maraqlı bir hadisə yaşandı. Hər zaman olduğu kimi meydanda boş-boş işlərlə məşğul olan Antonov hakimin əvəzetmə işarəsini görəndə sürətlə kənara doğru gəldi. Çünki özü də başa düşürdü ki, oyunu alınmır. Lakin son anda baş məşqçisinin başqa oyunçunu dəyişdirdiyini görəndə kor-peşman mövqeyinə qayıtdı. Gör işin harasıdı ki, Antonov oyun oynamadığını görüb özü kənara gəlir, Qriqorçuk isə bunu “görmür”. Bu gün “Qəbələ”nin ehtiyat oyunçular skamyasında Ermin Zets kimi səviyəli hücumçu var. Braziliyada keçirlən dünya çempionatında iştirak etmiş Bosniya və Herseqovina millisinin üzvüdür. Amma oynamır. Əvəzində heç kimə lazım olmayan Antonov meydana çıxır. Çünki Qriqorçukun gətirdiyi futbolçudur. Ukraynalı mütəxəssisin komanda daxilində bu cür ayrı-seçkilik etməsi gec-tez əks nəticə verəcək. Daha doğrusu, artıq bu proses başlayıb.


Xəbər xətti