Prosineçki: "Ümid edirəm ki, Cavid Hüseynov da futbola qayıdacaq"

23:42 17 Noyabr 2015

“Birinci hissədə indiyə qədər ən yaxşı oyunumuzu göstərdik. Düzdü, fasiləyə az qalmış qapımızdan qol buraxdıq. Amma çox razı qaldım. Milli bu gün ümumi 90 dəqiqə ərzində yaxşı oyun göstərdi”. 
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
 
Millimiz bu gün Bakı Olimpiya Stadionunda Moldova yığması ilə yoldaşlıq görüşü keçirib. Komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra xorvatiyalı çalışdırıcı jurnalistlərin önünə çıxıb.
 
Prosineçki oyunla bağlı bunları əlavə edib: “Rəşad Sadıqov, Ruslan Abışov, Dmitri Nazarov, Eddi İsrafilov və Araz Abdullayev kimi əsas futbolçularımız bu gün bizə kömək edə bilmədilər. Əvəzində çoxlu sayda gənc oyunçuya şans verdim və onların da çıxışından razı qaldım”.
 
- Debütantlardan daha çox kimin oyunundan razı qaldız? Bu gün gənclərə şans verməyiniz əsas verirmi ki, millidə heyət yeniləcək?
- Bu gün əsas heyətdə Pavel Paşayev və Rəhman Hacıyev, həmçinin Elşən Rzazadə, Aqil Məmmədov və Ürfan Abbasov ilk dəfə yer aldılar. Ağabala ikinci dəfə oynadı və daha çox onun çıxışından razı qaldım. Digərləri də bacarıqlarını göstərdilər. Sevindirici haldı ki, Eddi “Eybar”da heyətə düşür, Nazarov klubunda oynayır, Ruslan Abışov “Qəbələ”də çempionat görüşündə çıxış edir. Namiq Ələsgərov klubunda məşqlərə başlayıb, Azərbaycanın ən istedadlı oyunçularından biridi. Ümid edirəm ki, Cavid Hüseynov da futbola qayıdacaq. O, Malta ilə ev və Norveçlə səfər matçında komandamızın ən yaxşılarından idi. Biz inanırıq ki, növbəti seçmə mərhələdə kim Azərbaycana gələcəksə, onları çətin çıxış gözləyəcək.
 
- Maksim Medvedev müdafiənin mərkəzində özünü doğrultdumu və gələcəkdə müdafiənin mərkəzi ilə bağlı hansı alternativ variantları düşünürsüz?
- Təəssüflər olsun ki, həmin mövqeyə çox böyük problemlərimiz var. Həmin mövqedə mən istədiyim səviyyədə futbol oynayan alternativ oyunçu görmürəm. Səhv etmirəmsə, Maksim bu mövqedə 3-cü oyununu keçirib. Mən onun oyunundan razı qaldım. Düzdü, buraxdığımız qolda onun səhvi var idi, rəqib futbolçunu boş buraxdı. Amma unutmayaq ki, müdafiənin mərkəzi onun doğma mövqeyi deyil. “Kəpəz”in oyununu da canlı izləmişəm, Tərlan Quliyevi görmüşəm. Mən Tərlanı sol cinah müdafiəçisi kimi düşünürəm. Məncə, bu mövqedə daha çox xeyir verər. Fakt odu ki, Rəşad Sadıqov oynaya bilməyəndə onun yerində alternativ futbolçu görmürəm.
 
- U-21 yığmamızın bu gün Rusiya ilə keçirdiyi görüşə baxmısızmı və əsas yığma üçün kimlərisə kəşf etmisizmi?
- Bəli, bugünkü oyunu, həmçinin Almaniya və Avstriya ilə görüşləri izləmişəm. Bu gün Elnur Cəfərov və Elvin Camalov U-21-də oynayıblar. Əgər onların görüşü olmasaydı, hər ikisi əsas millidə olardılar. Gələcəkdə Adil Nağıyevi də dəvət edə bilərəm. Ümid edirəm ki, Coşqun Diniyev də əsas millidə qayıdacaq.
 
- Ötən seçmə mərhələdə yığmamızın hücum xəttində Rüfət Dadaşov çıxış edirdi. Siz onu tanıyırsızmı və gələcəkdə Rüfətdən istifadə etməyi düşünürsüzmü?
- Rüfət Almaniyanın 4-cü liqasında çıxış edir. Əgər o, orda oynamaqla, bizim futbolçulardan güclüdüsə, onda bizim futbolda problem var. Bura gələndə onun millidəki bütün oyunlarına baxmışam, amma bizim üçün alternativ deyil. Mən onu alternativ kimi görmürəm.(apasport)


Xəbər xətti