"Xəzər Lənkəran"da qazandığı pulun qədrini bilmədi və kimdən küsdü?

12:25 22 Noyabr 2015

Alim Qurbanovu, yəqin ki, futbol ictimaiyyəti xatırlamamış olmaz. Xüsusilə də “Xəzər Lənkəran" azarkeşləri. Çünki Qurbanov karyerasının çox hissəsini məhz bu məhz komandanın formasını geyinməklə bu kluba qurban verib. Karyerasını da “Xəzər Lənkəran"da başa vurub. Futboldan gedəli 3 il olsa da, ondan xəbər-ətər yox idi. Bir ara biznesə qoşulduğu deyildi. Amma sonradan harada olduğu, nə iş gördüyü haqda məlumatımız yox idi. Çempionatın son turunda Alimi “Qəbələ" - “İnter" matçında görəndə təəccübləndik. Onunla görüşmək, hal-əhval tutmaq və haralarda olması haqda məlumat öyrənmək üçün əla fürsət idi və biz də bu fürsəti əldən buraxa bilməzdik. Məlum oldu ki, Qəbələyə “İnter"də işləyən dostu Zaur İsmayılovla gəlib. Öncə müsahibə vermək istəməsə də, sonradan fikrindən daşındı. Söhbət zamanı futboldan küskünlüyü, bəzi insanlardan incikliyi aşkar hiss olunurdu. Kimlərdən, niyə inciyib, müsahibəni oxuyandan sonra siz də biləcəksiz. 
 
- Alim, çoxdandı səndən xəbər yoxdu.
- “Xəzər Lənkəran"dan ayrılandan sonra futboldan küsmüşəm. O boyda əziyyət çək, axırda da əməyinə qiymət verməsinlər. “Xəzər Lənkəran”dan ayrılandan sonra başqa klublardan təklif olmadı. Baxmayaraq ki, ən azı 1-2 il də oynaya bilərdim. Həm də etiraf edim ki, “Xəzər Lənkəran"ın özündən dəvət gözləyirdim. Amma bu təklif də olmayınca, futboldan küskün düşdüm. Nə oyunlara gedirdim, nə də futbolla maraqlanırdım. Arada dost-tanışla yığışıb futbol oynayırdım, vəssalam. 

- Bəyəm “Xəzər Lənkəran"dan ayrılandan sonra futbolçu karyeranı tam olaraq başa vurmamışdın?
- “Xəzər Lənkəran"da son ili oynayan-məşqçi kimi çıxış etdim. Gözləyirdim ki, klubun özündən iş təklifi gələcək və elə orada da futbolu qurtarıb məşqçi kimi fəaliyyətə başlayacam. Çünki klubun prezidenti Mais Mənsimov da demişdi ki, futbolu qurtarandan sonra klubda çalışacaqsan. Amma dediyim kimi, gözlədiyim təklif gəlmədi. Başqa klublardan da təklif olmadığı üçün karyeramı başa vurdum. 

- Futbolsuz qalmaq yəqin ki, çətin olar...
- Əlbəttə, çətindi. Kənardan baxıram, az qalır ürəyim partlasın. İnanın ki, çempionata baxıb fikirləşirəm ki, indi də oynaya bilərəm. 

- Kim səni “Xəzər Lənkəran"dan incik saldı?
- Bu barədə heç nə demək istəmirəm.

- Yox, yəni baş məşqçi ilə problemin oldu, yoxsa rəhbərlikdən incmisən?
- Baş məşqçidən inciklik yoxdu. Nə inciklik ola bilər ki? Ümumiyyətlə, baş məşqçi ilə aramızda problem olmayıb. Rəhbərliyə gəlincə... Nə bilim, bəlkə mənim hansısa hərəkətim olub ki, onların xətrinə dəyib, onlar məndən küsüblər.

- Ən azı rəhbərliklə görüşüb bu məsələni dəqiqləşdirə bilərdin.
- Görüşüb söhbət etmək istəyirdim....
 
- Bəs nə oldu, niyə görüşmədin?
- Mais müəllimlə görüşüb danışmaq istəyidim. Amma qəbul eləmədi.
 
- Bildiyimiz qədəriylə bir ara biznesə qoşulmuşdun. Orada işlərin necə oldu?
- Biznes mənim sahəm deyil. Futbolu bildiyim kimi, biznesdən anlayışım yoxdu. Düzdü, bir neçə il məşğul oldum, amma alınmadı. Belə deyək, biznesdə mənimki gətirmədi və o işin başını buraxdım.

- Heç futbol sahəsində çalışan dost-tanışdan dəvət edən olmadı ki, gəl, kömək edək, bizimlə birgə işlə?
- Uşaq futboluna dəvət etdilər. Amma “B” kateqoriyam yox idi deyə işləyə bilmədim. İmtahan verdim kəsildim.

- Səbəb nə idi?
- Praktikam yox idi. Məşqçi işləmək üçün praktikan olmalıdı. Harda işlədim ki, praktikam da olsun. 
 
- İndi də işləmirsən. Belə çıxır ki, növbəti dəfə imtahan versən, yenə kəsiləcəksən?
- Yox, indi işləməsəm də, dost-tanışın yanında baxıb nə isə öyrənirəm. Bu dəfə imtahana gedəndə ən azı müəyyən anlayışım olacaq.
 
- 3 ilə yaxındı ki, karyeranı bitirmisən. Bu vaxt ərzində futbolumuzda nə dəyişib?
- Bizim vaxtımızda çempionat indikindən güclü idi. Elə oynanılan futbol da. İndi 1-2 komanda var - “Qarabağ"dı, “Qəbələ"di müəyyən qədər maliyyə durumları yaxşıdır. Qalanları heç nə. Bəlkə də klubların düşdüyü maddi sıxıntı, büdcələrinin azaldılması öz təsirini göstərir və səviyyənin düşməsi də bundan irəli gəlir.
 
- Sabiq klubun “Xəzər Lənkəran" da çətin günlərini yaşayır.  Bu haqda sənin də fikirlərin maraqlıdı...
- Bildiyimə görə, orada 5-6 aydı futbolçular maaş almırlar. Rəhbərlik də söz verib ki, vəziyyət düzələcək. Hər halda inanıram ki, doğurdan da vəziyyət düzələcək və “Xəzər Lənkəran" yenə iddialı olacaq.

- Maliyyə durumu bu mövsüm çətinləşdi. Amma “Xəzər Lənkəran" ardıcıl neçə mövsümdür ki, uğursuz çıxış edir.
- Rəhbərlik görür ki, bu qədər pul xərcləyir, amma nəticə yoxdur. Ona görə də cavan uşaqla-rı oynadır. Həqiqətən də heyət cavanlaşandan sonra “Xəzər Lənkəran"ın bir neçə futbolçusu milli komadalara dəvət alıb.

- Sabiq komanda yoldaşların Emin Quliyevlə Samir Əliyev artıq baş məşqçi kimi debüt ediblər. Hələ ki, uğurlu nəticələri yoxdu. Səbəbini nədə görürsən?
- Eminin çalışdığı “Rəvan"da büdcə az idi. Yəni, Quliyevin əlində “Qarabağ"da, “Qəbələ"də olan pul yox idi. Ona görə də istədiyi futbolçuları transfer edib, istədiyi futbolu ortaya qoya bilmədi. Bundan başqa, gərək çalışdığın klubda baş məşqçinin də işinə qarışmasınlar. Samirə gəlincə, elə o günü hüzr yerində birlikə idik, bu barədə söhbətimiz oldu. Arada dost-tanış da deyir ki, Samir üçün baş məşqçi olmaq bir az tez idi. Özü də dedi ki, mən ikinci məşqçi idim və dedilər ki, müvəqqəti baş məşqçi ol onsuz da başqa məşqçi axtarırıq. Ona görə bu işi boynuna götürdü. 

- Alim, sirr deyil ki, futbolçunun, futbol adamının əsas gəlir yeri futboldan olur.
- Elədi.

- Hazırda işsizsən. Durumun yaşam tərzində çətinlik yaratmır?
- Təbii ki, futbolçu olduğumuz dönəmdə qazandığımız pulu indi yoxdu. Şükür, ac qalmırıq.
 
- Dönüb geri baxanda ən çox nəyə heyfislənirsən?
- Heyfislənirəm ki, o vaxt qazandığım pulun qədrini bilmədim. Bəlkə də cavan olduğumdan irəli gəlib. Elə bilirdim ki, həmişə belə olacaq. Ona görə də pulu hara gəldi xərclədim, 3-5 manat kənara atmadım.

- Sonda bir vaxtlar özünün də şərəfini qoruduğun yığma komandanın indiki durumu haqda da fikirlərini öyrənmək istərdim.
- Foqtsu çıxardanan sonra Mahmud Qurbanovu baş məşqçi təyin etdilər, o da 1 oyunluq. Sonradan Prosineçkini gətirdilər. Arada komanda xal götürdü, amma yığmada əvvəlki oyun yoxdur. Emin Quliyevin, Mahmud Qurbanovun, Samir Əliyevin dövrüdəki yığma indikindən qat-qat güclü idi.

Anar XANLAROV
“Het-trik news” qəzeti


Xəbər xətti