Fatih Terim: "Qəlbimiz "Qarabağ"la döyünəcək" - MÜSAHİBƏ

15:40 26 Noyabr 2015

Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim "Qarabağ” və "Qəbələ"nin Avropa Liqasında bu axşam keçirəcəkləri V tur matçları ilə əlaqədar olke.az-ın sullarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir.

- Bildiyiniz kimi bu axşam Avropa Liqasında V turun oyunları keçiriləcək. Azərbaycanın iki klubu “Qarabağ” və “Qəbələ” növbəti oyunlarına çıxacaqlar. Bu barədə nə deyə bilərsiniz?

- Hər iki klubunuzun oyunlarını izləmişəm. “Qarabağ” artıq ikinci dəfədir ki, qrup mərhələsində iştirak edir. Və artıq özünü tanıtdıra bilib. “Qəbələ” bu il qrup mərhələsində çıxış etsə də rəqiblərinə çətinlik yaradıb. Səhv etmirəmsə bu “Qəbələ”nin Yunanıstana ikinci səfəri olacaq.

 

- Hansı klubun daha şanslı olduğunu hesab edirsiniz?

- Hesab edirəm ki, belə oyunlarda favorit komanda olmur. “Qarabağ” Londonda keçirilən ilk oyunda bunu sübut edib. Nəzərə alsaq ki, “Qarabağ”ın pley-offa yüksəlmək şansları hələ də var, “Tottenhem” üçün çox çətin olacaq. Üstəlik şənbə günü “Tottenhem” öz meydanında “Çelsi”ni qəbul edəcək. Məncə “Qarabağ” “Tottenhem”lə oyunda uduzmayacaq.

 

- “Qarabağ”da çıxış edən hansı futbolçuları tanıyırsınız və bəyənirsiniz?

- “Qarabağ”ın heyətində yaxşı futbolçular var, məsələn, Rəşad Sadıqov, Reynaldo, Almeyda kimi futbolçular komandaya hər zaman kömək edə bilərlər. Rəşad Türkiyə Superliqasında da oynayıb. Yanılmıramsa “Qarabağ”ın qrup mərhələsində vurulan bütün qolları Almeyda vurub.

 

- Ötən mövsüm “Qarabağ” “İnter” oyununu idarə edən çexiyalı hakim Zelinka bu axşam “Molde” – “Fenerbahçe” matçında fit çalacaq. Ötən il “Qarabağ”ın qələbə topunu saymayaraq haqqını tapdalayan Zelinkanın bu dəfə nə ilə yadda qalacağını düşünürsünüz?

- Xəbərim var. Hakimin bu qərarı böyük səs küyə səbəb olmuşdu. İnşallah bizim matçda belə səhvə yol verməz. (gülür)

 

- Sonda isə sizə minətdarlığımızı bildiririk və qardaş ölkə Türkiyənin hər iki təmsilçisinə uğurlar arzulayırıq.

- Çox sağ olun. Sizi əmin edirəm ki, bütün türk futbolsevərlərinin qəlbi “Qarabağ”la döyünəcək.


Digər xəbərlər

Xəbər xətti