"Qəbələ" Danimarka və Yaponiya millilərinə qarşı

10:40 19 Yanvar 2016

“Qəbələ”nin əsas komandası kimi, əvəzedici heyəti də məşqlərə başlayıb. Sportarena.az "Qəbələ İK" qəzetinə istinadən xəbər verir ki, qış fasiləsinə zirvədə yollanan komanda 16 günlük istirahətdən sonra yanvarın 6-da bir araya gəliblər.

 

Əvəzedici komandanın baş məşqçisi Ramin Quliyevin hazırlıq prosesinin iki mərhələdən ibarət olacağını bildirib: "Dövrələrarası fasilədə ilk təlim-məşq toplanışını Qəbələdə keçiririk. Əsasən fiziki hazırlığın yüksəldilməsinə hesablanan bu toplanış yanvarın 15-də başa çatıb".

 

Yanvarın 16-da səhər saatlarında Türkiyənin Antalya şəhərinə yollanan əvəzedici komanda qardaş ölkəyə 20 futbolçu aparıb. Komandanın 3 üzvü – Bəhlul Mustafazadə, Roman Hüseynov və Yusif Nəbiyev isə daha öncədən Antalyadadır. Adıçəkilən oyunçular yanvarın 10-da əsas komandanın tərkibində Türkiyəyə təlim-məşq toplanışına yollanıb.

 

Əvəzedicilər də əsas komanda kimi, Antalyada 3 yoxlama matçında qüvvələrini sınayacaq. Quliyevin yetirmələri yanvarın 19-da Almaniyanın tarixi klublarından olan “Ayntraxt”ın 19 yaşlılardan təşkil edilmiş komandası ilə üz-üzə gələcəklər. Bundan 4 gün sonra Danimarkanın U-19 millisi komandamızla qarşılaşacaq. Nəhayət, yanvarın 25-də “qırmızı-qaralar” Yaponiyanın böyük yaş qrupundan ibarət yığması ilə görüşəcək. Təlim-məşq toplanışı yanvarın 26-da yekunlaşacaq. Əvəzedicilər 2016-cı ildə ilk rəsmi oyununu yanvarın 29-da Azərbaycan çempionatının XIX turu çərçivəsində “Kəpəz”ə qarşı keçirəcək.


Xəbər xətti