"Zirə" ilə matç öncəsi "Qəbələ"yə şad xəbər

22:11 29 Fevral 2016

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə ilk oyununun hazırlıqlarını davam etdirir. 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXIII turunun fevralın 27-də keçirilən “Xəzər Lənkəran”la ev oyununun (0:0) ardından məşqlərə ara verməyən “qırmızı-qaralar” kubok matçının hazırlığına dünən başlayıb. 

Günün ilk yarısında baş tutan məşq prosesində komanda iki qrupa bölünüb. Son turun matçında iştirak edənlər bərpaedici məşqlə kifayətlənib. Digər oyunçular isə toplu çalışmalara üstünlük verib. Roman Qriqorçukun yetirmələri bu gün səhər məşqini də Qəbələdə gerçəkləşdirib. “Xəzər Lənkəran”a qarşı oynayanlar fiziki hazırlıq keçiblərsə, digərləri toplu məşq ediblər. Zədədən sonra komandaya qoşulan Aleksey Antonovla Dodo da “Zirə” ilə matçın hazırlıqlarına qatılıblar. Braziliyalı komanda ilə, ukraynalı isə fərdi məşq edib. Sabah səhər Bakıya yola düşəcək komanda oyuna hazırlıqları paytaxtda yekunlaşdıracaq. 


Xatırladaq ki, kubokun 1/4 final mərhələsinin “Zirə” – “Qəbələ” oyunu martın 2-də keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq.


Xəbər xətti