AÇ-2016: Həsən Əliyev bürünc medal qazandı

22:51 13 Mart 2016

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı başa çatıb. 

Yunan-Roma güləşi üzrə yarışların ilk günündə güləşçilərimiz 1 bürünc medal qazanıb. Kamran Məmmədov fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. 

Çempionatın son günündə yunan-Roma güləşi üzrə 71, 75, 80 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulub. Həsən Əliyev çempionatın son günündə yığmamıza bürünc medal qazandırıb. 

71 kq-da mübarizə aparan Həsən Əliyev ardıcıl olaraq Latviyadan Kristaps Kalnakarklis, Çexiyadan Jan Zizkanı tam üstünlüklə məğlub etsə də, 1/4 finalda Serbiya təmsilçisi Aleksandar Maksimoviçlə gərgin keçən görüşdə məğlub olub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Həsən İsveçdən Klnut Zakarias Tallrothu təmiz qələbə ilə mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimiz Türkiyədə Yunus Özellə qarşılaşıb. Rəqib üzərində inamlı qələbə güləşçimizə Avropa çempionatının bürünc medalını qazandırıb. 

75 kq çəkidə yarışan Elvin Mürsəliyev ilk görüşdə Latviya təmsilçisi Jevgenijs Kolcovsu tam üstünlüklə mübarizədən kənarlaşdırıb. Ardınca Rusiya təmsilçisi Çingiz Labazanovu məğlub edən güləşçimiz 1/4 finalda Belarusdan Aliaksandr Dzemyanoviç üzərində qələbə qazanıb. Yarımfinalda gürcü Zurab Datunaşviliylə gərgin keçən görüşü uduzan Elvin bürünc medal uğrunda görüşə haqq qazanıb. Ermənistan təmsilçisi Karpet Çalyanla görüşü uduzan güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb. 

Xatırladaq ki, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlarda yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti