Bakıdakı Avropa çempionatı üçün daha bir tərəfdaş

23:56 7 Aprel 2016

ASC “Xalq” Bankının inzibati binasında AFFA və Xalq Bank arasında UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016  ilə bağlı sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirilib. Müqaviləni AFFA-nın baş katibi, Avropa çempionatını Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və  Xalq Bankın İdarə Heyətinin sədri Elxan Ağayev imzalayıb. Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Elxan Ağayev: “Xalq Bank fəaliyyətinin ilk günlərindən etibarən Azərbaycanda təşkil olunan bütün beynəlxalq idman tədbirlərinə dəstək verməyə çalışır. AFFA ilə əməkdaşlığımız 2012-ci ildən başlayıb. Ölkəmizdə təşkil olunan FIFA U-17 qadınlararası dünya çempionatı zamanı AFFA ilə sponsorluq müqaviləsi imzalandı və əməkdaşlığımızı yüksək səviyyədə həyata keçirdik. İnanıram ki, Avropa çempionatı da bizim əməkdaşlığımızın növbəti uğurlu mərhələsi olacaq. U-17-lər arasında qitə birinciliyi gələcəyin ulduz futbolçularının parladığı turnirdir və ümid edirəm ki, onların arasında Azərbaycan yığmasının da üzvləri olacaq”.

Elxan Məmmədov: “İlk növbədə, Xalq Bankın rəhbərliyinə futbola dəstək verdiyinə görə AFFA rəhbərliyi adından təşəkkür edirəm. Bu, bizim əməkdaşlığımızda ilk mərhələ deyil. Daha öncə də birgə uğurlu layihəmiz olub. Bu gün imzalanmış sponsorluq müqaviləsi ilə Xalq Bank Azərbaycanda təşkil olunacaq növbəti nüfuzlu beynəlxalq idman tədbirinə öz töhfəsini vermiş oldu. İnanıram ki, Xalq Bankın da dəstəklədiyi UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 yaddaşlarda ən uğurlu turnirlərdən biri kimi qalacaq”.

Xalq Bank 2012-ci ildə Azərbaycanda keçırılən FİFA U-17 Qadınlararası Dünya Çempionatının milli tərəfdaşlarından biri olmuşdur.

 


Xəbər xətti