Karate üzrə "Baku Open" 7-ci beynəlxalq turniri start götürüb

12:49 23 Aprel 2016

“Sərhədçi” Olimpiya İdman Mərkəzində Karate üzrə “Baku Open” 7-ci beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənib. Sonra bu ayın əvvəlində qoşunların təmas xəttində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar qarşısında çıxış edən Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Azərbaycanın idman sahəsində qazandığı əhəmiyyətli uğurlardan söz açıb, idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğını qeyd edib. Y.Bəşirov vurğulayıb ki, Azərbaycanda istər yerli, istərsə də beynəlxalq miqyaslı çoxlu idman yarışı keçirilir, idmançılarımız dünya turnirlərində mühüm qələbələr qazanırlar.

Sonra tədbirin bədii hissəsi olub.

Turnirin ilk günündə böyüklər, yeniyetmələr və gənclər arasında “kata” və “kumite” üzrə fərdi yarışlar keçirilib, habelə karate veteranları çıxış edib.

Turnirdə 10 ölkədən (Azərbaycan, Türkiyə, Bolqarıstan, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan və Ukrayna) 400 idmançı iştirak edir. 


Xəbər xətti