Azərbaycan millisi tam heyətlə olimpiadada!

13:55 24 Aprel 2016

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri davam edir.


Sportarena.az xəbər verir ki, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır. 


Turnirin son günündə sərbəst güləşçilər mübarizə aparıb.

57 kq çəki dərəcəsində mübarizə aparan Mircəlal Həsənzadə ilk görüşündə Guamdan Ethan Tomapanı 57 saniyə ərzində tam üstünlüklə məğlub edib. Ardınca Moldovadan Aleksandru Chirtoaca üzərində qələbə qazanan güləşçimiz yarımfinala yüksəlib. Hindistan təmsilçisi Sandip Tomarla gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, xalların keyfiyyətinə və son xalı qazandığına görə Mircəlal Həsənzadə finalay yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu, güləş yığmalarımızın qazandığı 13-cü, sərbəst güləşçilərimizin isə 6-cı Olimpiya vəsiqəsi olub. Beləliklə, sərbəst güləş yığmamız Olimpiadada tam heyətlə iştirak edəcək. 


Final görüşündə güləşçimiz Rumıniyadan İvan Guideaya uduzub və I Dünya təsnifat turnirinin gümüş medalına yiyələnib.  


57 kq
1/8 final - Mircəlal Həsənzadə - Ethan Tomapa (Guam) 10:0 (55 san.)
1/4 final - Mircəlal Həsənzadə - Aleksandru Chirtoaca (MDA) 10:0
1/2 final - Mircəlal Həsənzadə - Sandip Tomar (IND) 8*:8
FİNAL - İvan Guidea (ROM) - Mircəlal Həsənzadə 8:3


Məlumat üçün bildirək ki, güləş yığmalarımız buna qədər Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.


Digər xəbərlər

Xəbər xətti