Adrian Pit: "Xəzər Lənkəran"ın niyə bu vəziyyətə düşdüyünü anlaya bilmirəm"

13:14 27 Aprel 2016

"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Adrian Pit bəyan edib ki, yenidən cənub klubuna qayıtmağa, bu komandaya kömək etməyə hazırdır. 


Sportarena.az xəbər verir ki, futbolçu azerisport.az saytına açıqlamasında  bunları söyləyib:


"Hazırda doğma şəhərimi təmsil edən UTA klubunda çıxış edirəm. Amma Azərbaycan futbolunu da izləyirəm. Matçların icmallarına, qollarına baxıram. Maraqlı çempionat getdiyi görünür. Amma təbii ki, "Xəzər Lənkəran"ın turnir cədvəlinin alt pillələrində qərarlaşması məni məyus edir. Çox istərdim ki, lənkəranlılar ancaq üst pillələrdə qərarlaşsınlar. Bizim dövrümüzdə komanda ancaq çempionluğa oynayardı. İndi isə əksinə, elitada qalmağa çalışırlar. Bu, məni də məyus etməyə bilməz.

"Xəzər Lənkəran"a qayıtmağa, kömək etməyə hazıram. Çünki bu komanda ilə necə gözəl günlər keçirdiyimizi yaxşı xatırlayıram. Komandanın Premyer Liqada qalmasını çox istərdim. Fikrimcə, bütün çətinliklərə baxmayaraq, "Xəzər Lənkəran" bu vəziyyəti düzəldə biləcək. Amma etiraf edim ki, orada nə baş verdiyini, niyə komandanın bu vəziyyətə düşdüyünü anlaya bilmirəm".


Digər xəbərlər

Xəbər xətti