Tahir Süleymanov: "Əliyar Ağayevə tövsiyəm isə budur, "alət"ə çevrilməsin"

16:31 28 Aprel 2016

Ölkə kubokunun 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində Bakıda keçirilən "Neftçi" - "Qəbələ" (1:1) matçı futboldan çox, hakim idarəçiliyi ilə gündəmi zəbt etdi. Belə ki, FİFA referisi Əliyar Ağayevin 74-cü dəqiqədə "Neftçi"nin cərimə meydançası daxilində Aleksey Qaya qarşı edilən kobudluğu hakimi aldatmağa cəhd kimi qiymətləndirib ona sarı vərəqə göstərməsi birmənalı qarşılanmadı. Çünki bu epizod düz baş hakimin gözləri qarşısında oldu. Üstəlik, "Qəbələ"nin kapitanı Rəşad Sadiqovun 10 dəqiqə sonra 2-ci sarı vərəqə ilə qovulması "odun üstünə yağ tökdü".

 

Sportarena.az xəbər verir ki, sabiq FİFA referisi Tahir Süleymanov beynəlxalq dərəcəli ən yaxşı hakimimiz sayılan Əliyar Ağayevin idarəçiliyi barədə fikirlərini bildirib.


Süleymanovun sözlərindən belə aydın olur ki, Ağayev səhv etməyib, onu "Neftçi"nin xeyrinə qərarlar qəbul etməyə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov vadar edib: "Klublar öz haqlarını müdafiə edə bilmirlər. Belə hallar çox oyunlarda baş verir. Komanda qalmayıb ki, haqsızlıqla üzləşməsin. Ona görə bir oyun idarəçiliyi üzərində dayanmaq istəmirəm. Ümumi problemdir və illlərlə davam edir. "Neftçi" - "Qəbələ" görüşünün hakim-inspektoru kim idi? Komitə sədri Xaqani Məmmədov. Əlavə şərhə ehtiyac yoxdur. Oyunda baş verənlər hakim səhvi deyildi. "Sistem"ə uyğun "idarəçilik" idi. Bu "sistem" dağıdılmayana qədər belə də davam edəcək. Klub idarəçilərinə isə bir sözüm var. Səsinizi çıxartmayın, birdən işinizdən olarsınız, məğlub olmaq, xallar itirmək daha rahatdır. Əliyar Ağayevə tövsiyəm isə budur, "alət"ə çevrilməsin. Gec deyilsə..."


Süleymanov Sadiqova verilən 2-ci sarı vərəqənin də yanlış olduğunu bildirdi: "Oyunda bir 11 metrlik var idi, 4-5 simulyasiya epizodu. Bunlar idarəçiliyin zəif olmasının nəticəsi idi. Qay epizodunu simulyasiya "görmək" rəzalətdir. Rəşad Sadiqovun qırmızı aldığı epizodda 2-ci sarı yox idi. Ümumiyyətlə ondan öncəki epizodda Anyeteyə qarşı cərimə yox idi, hakimin uydurması idi. Əksər oyunlarda belə hakimlik olur. Ona görə bir oyuna görə yox, kompleks yanaşmaq lazımdır. Meydanda baş verənlər hakim səhvləri deyil, "məcburi"dir".

Qaynarinfo.az


Xəbər xətti