Tərlan Əhmədov: "Kiminsə kobud səhvi üzündən biz tarixi uğurumuzu əldən vermək istəmirik"

16:34 29 Aprel 2016

AZAL PFK-nın baş məşqçisi Tərlan Əhmədov klubun rəsmi saytına müsahibə verib.


Sportarena.az həmin müsahibəni təqdim edir.

 
- Ötən həftə “Rəvan”a məğlubiyyət bir qədər gözlənilməz oldu. Həm də mükafat üçün çempionatın favoritləri ilə ciddi mübarizə aparan AZAL-ın belə məqamda vacib xallar itirməsi Avrokuboklara düşməyi hədəfləyən komandanın şanslarını azaltdı. Sizə elə gəlmir ki,  bu məğlubiyyət sizin mövsüm ərzində çəkdiyiniz əziyyəti heçə endirəcək?
 
- “Rəvan”la qarşılşamada olanlar artıq bizim üçün maraqlı deyil. Bu oyunu unutmuşuq və qarşıdakı görüşlər haqda fikirləşirik. Mövsümün əvvəlində biz iddialı yerlər  haqda fikirləşmirdik,  elitada qalmağı qarşımıza məqsəd qoymuşduq. İndi isə mükafat qazanmaq  şansını qaçıra biləcəyimizdən qorxuruq.  Deməli,  minimum vəzifə yerinə yetirilib. Ona görə də son məğlubiyyət geniş mənada faciəyə çevrilməməlidir. Avrokuboklar  üçün hələ də şansımız var və hər şey öz əlimizdədir. Sona qədər mübarizə aparacağıq.  Bu mövsümdə çox çətinlik görmüşük,  tənqidlərə hədəf olmuşuq.  Amma heç vaxt təslim olmamışıq.  Əksinə bunlar bizi daha da birləşdirdi,  komanda kimi formalaşdırdı.  AZAL-da çox sağlam kollektiv var və uğurlarımızın əsasında da bu amil dayanır. Bir sözlə, son oyundakı məğlubiyyət indiyə qədər görülən işlərə kölgə sala bilməz.


-Amma həmin oyundakı itkilər yəqin ki sizi təəssüfləndirir. İlqar  Ələkbərov, Kamal Mirzəyev,  Murad Səttarlının  durumu nə  yerdədir?
 
-Zədə məsələsi ağrılı yerimizdi. Mövsümün əvvəlindən etibarən biz tam heyətlə mübarizə apara bilmirik.  Bu epidemiya  bizdən əl çəkmir.  Əvvəl kapitan Seymur  Əsədov  zədələnərək  mövsümü erkən bitirdi.  Daha  sonra Taqim  Novruzov sıradan çıxdı.  Adan Koronado qış toplanışında agır zədə aldı, hələ də özünə gələ bilmir. İndi də Kamal Mirzəyev sıradan çıxdı. Murad Səttarlı əzələsini dartıb, ağrıları var.  İlqar Ələkbərov belindəki ağrılardan əziyyət çəkir.  Bu siyahı hər şeyi deyir.   


- Deməli mövsümün ən vacib oyunlarından sayılan “Xəzər-Lənkəran”la görüş də  seçim məhdudiyyəti ilə üz-üzə qalacaqsınız. Belə bir həlledici məqamda futbolçu qıtlığı  bütün  planlarınızı  pozmayacaq?
 
-Biz heç vaxt  bədbinliyə qapılmamışıq. Hər dəfə ağır durumdan  çıxmağı bacarırıq.  Sabah da meydançaya  mübariz  heyətlə  çıxacağıq. Bizdə hər bir futbolçu digərini layiqincə  əvəzəməyə çalışır. Meydançaya çıxan tam gücü ilə oynayır. Bu səbəbdən ümidimizi  üzmürük.  Klub rəhbərliyini indiki məqamda bir şey maraqlandırır: kənar amillər nəticəyə təsir etməsin. İndi çempionatın  həlledici vaxtlarıdı. Son turlardı və mükafatçılar, Avrokubok iştirakçıları müəyyənləşir. AZAL-ın rəhbərliyi və kollektivi ümid edir ki, komandaların mübarizəsinə  kənar  müdaxilələr olmayacaq. Son turlarda bəzi hakim səhvləri ciddi narazılıq doğurur. Söz-söhbətlər çoxalır, komadalar  haqda  arzuolunmaz  fikirlər səslənilir.  Nə bilim, filan komanda kubok alacaq,  filan komanda  hansısa yeri tutacaq, kimsə-kimə kömək edəcək.  Bu da təbiidir.  Ağır mövsüm sona çatmaqdadı.  Komandalar kimi hakimlər də istər-istəməz gərginlikdən payını alırlar.  Onları da haradasa başa düşmək olar.  Amma bu həlledici və tarixi əhəmiyyət daşıyan oyunlarda hakimlər çox diqqətli olmalıdırlar.  İndiyə  qədər AZAL hakimlər tərəfdən heç vaxt  haqsızlığa uğramayıb. Bir-iki oyunda neqativ hallarla üzləşmişik. Ümumilikdə isə biz onlardan narazı deyilik.  İstəmirik ki, sabahki  oyunda da, qalan matçlarda da kiminsə kobud səhvi üzündən biz tarixi uğurumuzu  əldən verək.  Bax onda mövsümü  boşa vermiş olarıq. Bu bizim AFFA və PFL-dən  xahişimizdi.


Xəbər xətti