"Lans" Hafiz Məmmədovdan alındı

12:17 13 May 2016

Paris məhkəməsi “Lans” futbol klubunun səhmlərinə nəzarət edən və azərbaycanlı keçmiş oliqarx Hafiz Məmmədova məxsus (“Hafka”) RLS Holding şirkətini müflis elan edib. Bununla da H.Məmmədov iki il əvvəl aldığı “Lans” klubu üzərində mülkiyyət hüququnu itirib.


Sportarena.az virtualaz.org saytına istinadən xəbər verir ki, məhkəmənin belə qərar verməsinə səbəb H.Məmmədovun müflis olması nəticəsində onun klub qarşısında öhdəliklərini yerinə yetirə bilməməsidir. Hafiz Məmmədov “Lans” klubunun büdcəsinə 5.6 milyon avro vəsaiti ödəyə bilməyib. Xatırladaq ki, o, “Lans”ın səhmlərinin üçdə ikisini 20 milyon avroya almışdı, daha sonra biznesmen kluba 6 milyon avro da yatırım qoymuşdu.


Sonradan ciddi maliyyə problemləri ilə üzləşdiyi üçün o, Fransa klubuna sponsorluq etmək imkanlarını itirib.


Fransa mətbuatının yazdığına görə “Lans”ın yeni sahibi Kot-d İvuardan olan biznesmen, CKG şirkətlər qrupunun sahibi Çarlz Kader Qura olacaq. O, “Lans”ın inkişafına 30 milyon avro yatırmağa və 5.6 milyon avroluq borcunu ödəməyə hazırdır. Hafiz Məmmədov isə bu sövdələşmədən heç nə əldə edə bilməyəcək. Çünki onun şirkəti məhkəmə tərəfindən müflis elan edilib və biznesmen məhkəmə qaydasında kluba mülkiyyət hüququnu itirib. “Lans”a afrikalı biznesmenlə yanaşı “Atletico” klubunun sahibləri də iddia edir. Klubun taleyi mayın sonlarına qədər həll olunmalıdır.


H.Məmmədov virtualaz.org saytına açıqlamasında “Lans”ı itirdiyini təsdiqləyib və bunu həyatında “ən faciəli günlərdən biri” adlandırıb. “Təəssüf ki, artıq bizim üçrəngli bayrağımız artıq “Lans”ın üzərində dalğalanmır. İki il boyu mən bütün qapıları döydüm, kömək istədim, ancaq bütün kabinetlərdə mənə rədd cavabı verdilər. Axı bu təkcə Hafiz Məmmədovun yox, bütün ölkənin şərəfi idi! Təəssüf ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun qudası Cahangir Hacıyevin çirkin oyunları sayəsində mənim biznesimə sarsıdıcı zərbə vuruldu”.
 

H.Məmmədovun bildirdiyinə görə, ona borclu olan bəzi adamlar və şirkətlər də vədlərinə xilaf çıxıblar, borclarını ödəməyiblər: “Mənim bütün şirkətlərim defolta yuvarlandı, banklarla problem başladı. Bu vəziyyətdə klubu əldə saxlamaq üçün mənə kömək etməli idilər. Mən klubu Azərbaycanın istənilən oliqarxına güzəştə getməyə hazır idim, ancaq heç kim razılaşmadı. Beləliklə, biz “Lans”ı itirdik”.


Xəbər xətti