Rusiyali idmançıların Olimpiya Oyunlarında iştirakına qadağa qoyuldu

14:30 18 İyun 2016

Rusiyalı yüngül atletlərin Olimpiya Oyunlarında iştirakına qadağa qoyulub. Beləliklə, idmanın bu növü üzrə Rusiya yığması Rio Olimpiadasında çıxış etməyəcək.

 

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) şurasının Vyanada keçirilən iclasında Rusiya Yüngül Atletika Federasiyasının (VFLA) Olimpiya Oyunlarından kənarlaşdırılması ilə bağlı qərar dəyişdirilməyərək qüvvədə qalıb.

 

Qeyd edək ki, 2015-ci ilin noyabrında Beynəlxalq Antidopinq Federasiyası (WADA) Rusiyanın dopinq qaydalarını pozduğunu iddia etmişdi. Sonradan İAAF bu ölkəni öz sıralarından xaric etmişdi. Üzvlüyün bərpa edilməsi üçün VFLA rəhbərliyin dəyişdirilməsi irəli sürülmüşdü. Yalnız bundan sonra Valentin Balaxniçev VFLA prezidenti postundan istefa vermiş, əvəzində Gennadi Alişenin rəhbərliyi ilə müvəqqəti komitə yaradılmışdı.

 

Ümumiyyətlə, məsələ ilə bağlı yekun qərar Beynəlxalq Olimpiya Komitəsinin iyunun 21-də keçiriləcək iclasında qəbul ediləcək. Rusiyalı idmançıların ayrı-ayrılıqda Rioya yollanmasına icazə verilməsi məsələsi iclasda əsas müzakirə mövzularından olacaq.


Xəbər xətti