Azərbaycan gimnastları Avropa çempionatına uğurla başlayıblar

15:05 18 İyun 2016

İsrailin Holon şəhərində bədii gimnastika üzrə 32-ci Avropa çempionatına start verilib. Azərbaycan idmançıları 37 ölkədən gimnastların iştirak etdikləri çempionata uğurla başlayıblar.


İlk yarısında yuniorlar arasında çıxış edən Veronika Qudis və İlahə Məmmədova müvafiq olaraq, ip və halqa ilə kompozisiyalarda həlledici mərhələyə vəsiqə qazanıblar.


Qrup hərəkətləri üzrə komandamız isə lentlə kompozisiyada uğurla çıxış edərək bazar günü keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.


Təəssüf ki, millimizin halqa və gürzlə kompozisiyalar üzrə çıxışı zamanı texniki problemlər səbəbindən musiqi yarımçıq dayanıb. Hadisədən dərhal sonra Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva musiqinin yarımçıq dayandırılmasına etiraz edib. Texniki Komitə əvvəlcə etirazı qəbul edərək Azərbaycan gimnastlarının kompozisiyanı yenidən yerinə yetirəcəyini bildirib. Qrup hərəkətləri üzrə komandamız xalçaya çıxmağa hazırlaşdığı zaman Texniki Komitənin rəhbəri çıxışın mümkün olmayacağını bəyan edib.


Araşdırmalardan sonra Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytında yerləşdirilən qaydaların 1.5.2-ci maddəsindəki “Təşkilatçılar tərəfindən fors-major hallar baş verərsə (işığın sönməsi, musiqi avandanlığının nasazlığı) gimnasta/qrupa hərəkətlərini yenidən nümayiş etdirməyə icazə verilir” qaydası təşkilatçıların diqqətinə çatdırılsa da, buna əməl olunmayıb. Nəticədə millimiz çıxışını yenidən yerinə yetirə bilməyib.


Xəbər xətti